SHEKININ MEDENI-TARIXI ABIDELERI

Menbe: Sheki Medeniyyet ve Turizm Shobesi



Şəki Şəhər Dövlət Tarix-memarlıq qoruğu

Şəki şəhərinin qədimliyini, burada tarix-memarlıq abidələrinin çoxluğunu və bunun dünya mədəni irsində xüsusi yeri olduğunu nəzərə alaraq Respublika Nazirlər soveti 24 noyabr 1967-cı il tarixli qərarla şəhərimizin “Yuxarıbaş” hissəsini Tarix –memarlıq Qoruğu elan etmişdir. Memarlıq qoruğu və Şəki Xan sarayı dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.
Ulu babalarımızın bizə yadicar qoyduqları Xan sarayı, Şəki xanlarının evi, dairəvi məbəd, qala divarları qoruğun memarlıq incilərindəndir. Möminlərin ibadət yeri olan Cümə məscidi, Ömər Əfəndi məscidi, Xan məscidindən başqa məhəllə məscidləri də qoruq ərazisindədir. Burada yerləşən 1 və 3 saylı ipək əyirici və burucu fabrikləri də əhalinin ta qədimdən ipəkçilikdə texniki üsullardan istifadə etmələrindən xəbər verir.
O dövrdə tikilmiş beş karvansaraydan ikisi indiyə qədər qorunub saxlanılır. Mehmanxana kimi istifadə edilən Yuxarı Karvansaray indi də səyahətçilərin zövqünü oxşayan yerlərdən biridir.
“Yuxarıbaş”ı iki hissəyə bölən Qurcana çayı üzərində xüsusi memarlıq üslubu ilə tikilmiş tağlı körpülər bu ərazini birləşdirir.
Orta əsrlər memarlığının yadigarı olan Ağvanlar, Dərə və Yeraltı hamamlar bu ərazidə yerləşir.
Xalqımızın milli sərvəti və iftixarı olan diyarşünaslıq, tətbiqi sənət, M.F.Axundovun, R.Əfəndiyevin, S.Rəhmanın ev muzeylərinin və Dövlət Rəsm qalareyasını da qoruq öz qoynuna almışdır.
Xalqımızın and yeri olan Şəhidlər Xiyabanı və 1941-1945-ci il Böyük Vətən müharibəsi illərində həlak olan şəklilərin xatirəsinə ucaldılmış abidələri ziyarət etmək istəyənlər qoruq ərazisinə gəlirlər.

Şəki Qalası – Narınqala

Şəki rayonu ərazisində digər maddi-mədəniyyət abidələri ilə bərabər müdafiə tikililərinin də varlığı bu diyarın böyük strateji əhəmiyyətə, qədim və keşməkeşli tarixə, zəngin tikinti təcrübəsinə malik olduğunu göstərir.
Belə tikililərdən biri də Şəki Narınca qalasıdır. O, şəhərin şimal-şərq hissəsində cənubdan 710 metr, şimaldan 750 metr, dəniz səviyyəsindən yüksəklikdə, səfalı bir ərazidə yerləşir. Qala Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan, Şəki xanı Hacı Çələbinin dövründə (1743-1755) tikilmişdir.
Onun divarlarının xaricdən ümumi uzunluğu 1300 metrdir. Ərazisinin relyefi və müdafiə əhəmiyyəti nəzərə alınaraq qalanın cənubdan hündürlüyü 8 metr olduğu halda, şimala doğru 4 metrə enir. Divarın qalınlığının 2,2 metr olması onun möhtəşəmliyini və davamlılığını bir daha artırır. Qalanın cənubdan və şimaldan 2 tağlı darvazası, bürcləri və 1000-dən artıq mazğaları vardır.
Şəki xanlığının iqamətgahı olan “Xan sarayı” da qalanın şimal şərqində yerləşir.

Şəki Xan sarayı

Dünya abidələri siyahısına daxil edilmiş Şəki xanlarının yay sarayı olan bu bina Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə 1761-1762 –ci illərdə istifadəyə verilmişdir. Hüseyn xan eyni zamanda “Müştaq” təxəllüsü ilə şerlər yazdığından bəzi mənbələrdən bu saray “Müştaq imarəti” kimi də qeyd olunmuşdur.
Xan sarayı ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir.
Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadratmetri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkələrdən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir.
Saray divarının ornamentliliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, dağlamalar, müxtəlif naxışlar, gəc üzərində oymalar adamı valeh edir.
Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, sujetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilmişdir. Zövqlə işlənmiş taxçalar, raflər, güzgülü buxarılar əsl sənət nümunəsidir.
Saraydakı naxışların zənginliyinə, rəng çalarlarına, stalaktit oymalara, kompozisiyalara baxdıqca ata-babalarımız qabiliyyətinə, bacarığına, zövqünə və əsrarəngiz əməyinə heyran olursan. Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqca sonra yazmışdır: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”.

Yuxarı Karvansara

Ərazisində böyük İpək yolunun keçdiyi Azərbaycanın ən qədim sənətkarlıq, ipəkçilik və ticarət şəhəri olan Şəki karvan yolları vasitəsilə digər xanlıqların və bir çox xarici ölkələrin ticarət mərkəzlərini özündə birləşdirirdi. Əlbəttə ki, belə bir təbii-coğrafi və strateji şəraitə malik şəhərdə karvansaraların olmaması mümkün deyildir.
XVIII-XIX əsrlərdə şəhərdə inşa edilmiş karvansara binaların təkcə karvanların və səyyahların qalması üçün deyil, həm də müxtəlif ticarət əməliyyatlarının aparılması üçün də nəzərdə tutulurdu.
Özünün böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Zaqafqaiyada məşhur olan Yuxarı Karvansara dövrümüzə qədər gəlib çatmış iki karvansaradan biridir. Ümumi sahəsi 6000 kvadratmetr olan Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi kalorid verir.
Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilmişdir. 300-dən artıq otaq və zirzəmidən ibarət olan karvansaranın 2 giriş darvazası vardır. Bina üç mərtəbəlidir. Tacir öz malını zirzəmiyə yığar, birinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşayardı.
Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Yaxın Şərqdə ən böyük kərpic tağlı günbəzlərdən biri sayılan əsas girişin zəngin bəzənmiş tağı relyefin çox mailliyi üzündən binanın küncündə, üçüncü mərtəbə səviyyəsində inşa edilmişdir.
Sadə həyəti, tağbəndlərlə örtülü eyni ölçülü hücrələri, həyət eyvanları, hovuz və onları əhatə edən yaşıllıq karvansaranın ümumi kompozisiyasını tamamlayır.
Bu günə kimi öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan və hazırda mehmanxana kimi istifadə olunan Yuxarı Karvansara Şəkinin zəngin maddi və mənəvi irə malik bir şəhər olmaının bariz nümunəsidir.

Aşağı Karvansara

Şəki Azərbaycanın ən qədim ticarət və sənətkarlıq şəhəri olduğundan burada çoxlu bazar və karvansaralar tikilmişdir.
XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan dövrümüzə qədər yalnız ikisi - Yuxarı Karvansara və Aşağı Karvansara gəlib çatmışdır.
Şəki karvansaraları da digərləri kimi karvanların və səyyahların dayanması üçün ayrılmış, özünün funksional xüsusiyyətinə uyğun tikilmişdir. Ancaq bu karvansaralardan da yolüstü karvansaralardan fərqli olaraq istirahət otaqları ilə yanaşı müxtəlif ticarət əməliyyatları aparmaq, mübadilə müqavilələri bağlamaq üçün xüsusi otaqlar da inşa edilmişdir.
Buradakı karvansaralar plan quruluşuna, böyük ölçülərinə, istirahət və ticarət üçün rahatlığına görə Şəki memarlığını xarakterizə edir.
Özünün ümumi sahəsinə görə Yuxarı Karvansaradan bir qədər böyük olan Aşağı Karvansara küçəyə baxan hissədə 12 metr, şərq və qərb tərəfdə isə 10 metr hündürlükdədir.
8000 kvadratmetrlik bir ərazini əhatə edən Aşağı Karvansaranın 242 otağı və dörd giriş darvazası vardır. Bu karvansara da həmçinin şəkili sənətkarlarin özünəməxsus memarlıq üslubu özündə əks etdirir.
Cənub-şərq hissədə üç, həyət tərəfdə isə iki mərtəbəli olan karvansaranın baş fasadı çaya baxır. Bu isə binaya sakitlik və fəravət bəxş edir.
Karvansaranın fasadı horizontal bölümlərlə səciyyələnir, onlar divar müstəvisini tağlı pəncərələrlə tərtib olunmuş üç yarusa ayırır, pəncərələrin tağları şəklinə görə bir qədər fərqlənir.
Tağlı eyvan aşırmaları ilə dövrəyə alınmış heyətin mərkəzində hovuz yerləşir.
Karvansaranın tikintisi zamanı uzaq ölkələrdən gələn tacirlərin rahatlığı, özünün və malının təhlükəsizliyi üçün hər şey nəzərə alınmışdır. Darvazalar qonaqpərvərliklə yolçuların və tacirlərin üzünə açılsa da, bağlandıqda alınmaz bir qalaya çevrilir. Bu isə bir daha Şəki sənətkarlarının nə qədər yüksək dünyagörüşünə, əvəzsiz zövqə, müqayisəsiz memarlıq üslubuna, maddi və mənəvi dəyərlərə malik olduqlarını təsdiqləyir.

Giləhli məscidi

Şəkinin qədim tarixi memarlı abidələrindən biri də Giləhli məscididir. XVIII əsrə məxsus olan bu məccid Şəkinin şimal-şər ucqarında, şəhərin içərisindən axan Qurcana çayının sahilində, onun səthindən təxminən 20-25 metr yüksəklikdə tikilmişdir.
Sadə yaşayış evlərinə məxsus ənənəvi Şəki memarlıq ülubunda tikilmiş mşscid binasının daxili gşrkəmi Şəki xan sarayını xatırladır. Divardakı naqqaşlığa, rəsmlərə, stalaktitlərə nəzər yetirdikdə belə təsəvvür yarnır ki, sarayla məscidin daxili divarı eyni sənətkarın əlindən çıxmışdır.
Giləhli məscidi uzun müddət baxımsız qaldığından və qəza vəziyyətinə düşdüyündən onu bərpa etmək əvəzinə, ateizmin çevrilmiş, analoqu olmayan bu məscid yerlə yeksan edilmişdir.
Xoşbəxtlikdən Giləhli məscidinin minarəsi bu günə kimi gəlib çatmışdır. Qülləyə qədər 13,5 metr olan minarə yüksəklikdə yerləşdiyindən ərazi buradan çox gözəl görünür. Məscidə üfüqi istiqamətdə söykənən istinad divarı onun möhkəmliyinə və dayanıqlığını daha da artırır. Onun istinad divarının qurtaracağına qədər olan hissəsi daşla, ondan yuxarı hissəsi isə bişmiş qırmızı kərpiclə hörülmüşdür. Müəzzinlər üçün nəzərdə tutulan və minarəni tamamlayan sahəyə qalxmaqdan ötrü istinad divarını üzərində iyidmidən artıq daş pilləkən hörülmüş, yağışdan, qardan, çovğundan və günəşdən qorunmaq məqsədi ilə kənarına taxta vurulmuş. Üstü örtülmşdür. Buraya işıq düşmək üçün kiçik pəncərələr də qoyulmuşdur. Pilləkənin qurtaracağında minarəyə daxil olmaq üçün tağlı qapı vardır.

Xan məscidi

Bu məscid 1745-1750-ci illərdə Hacı Çələbi xan tərəfindən tikdirildiyindən xalq arasında “Xan məscidi” adlandırılır.
Məscidin tikintisində yerli inşaat materiallarından –çay daşından, bişmiş kərpicdən, əhəngdən, kirəmitdən, palıd, fıstıq, qovaq ağacından istifadə edilmişdir. Məscidin xarici tağlı qalareyası vardır. Ümumi tutuma daxil edilmiş minarə məscidin memardan simasını daha da gözəlləşdirir. Binanın iç məkanı sadə həll olunduğundan, rəngli şəbəkəli pəncərə-pannolar interyerə, məscidin həyətindəki çinar ağacları və hovuz isə binaya xüsusi rövnəq verir.
Məscidin yanında üstündə yüksək ustalıqla işlənmiş, oyma naxışlarla bəzədilmiş qübirüstü daşlar olan qəbirstanlıq vardır. Burada Şəki xanları, onların ailə üzvləri və yaxın adamları dəfn edildiyindən “Xan qəbirstanlığı” adlanır. Məscid, minarə və qəbirstanlıqda olan günbəzlər, incə və sənətkarlıqla yazılmış, oyma xətkarlıq kitabələri tarixi abidə kimi dövlət tərəfindən mühafizə edilir.

Ömər Əfəndi məscidi

XVIII-XIX əsrlərdə tikilmiş Ömər Əfəndi məscidinin fasadı bişmiş kərpic naxışları ilə diqqəti xüsusilə cəlb edir. Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic və daş hörcü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayır.
Tikintinin əsas tutumuna daxil edilmiş minarənin üzərində kərpiclə işlənmiş bəzək işləri Şəki sənətkarlarının xüsusi memarlıq üslubunu, bacarıq və qabiliyyətini özündə əks etdirir.
Binanın tikintisi özünəməxsusluğuna, bədii ifadəliliyinə görə Şəki memarlığı ruhunda yerinə yetirilmişdir.
İnteryerin dekor elementi olan mehrabı xüsusi məharətlə işlənmişdir. Dindarlıq məscidin heyətindəki hovuzun suyu ilə dəstəmaz alır, geniş və işıqlı salonda ibadət edirlər.

Cümə məscidi

XVIII-XIX əsr abidəsi olan Cümə məscidinin tikintisində yerli inşaat materiallarından istifadə edilmişdir. Plan qurluşuna görə tağlı, sütunlu salondan ibarət olub, daş və ağaclarla bölmələrə ayrılaraq binadakı bu böyük aşırımı örtməyə imkan vermişdir.
Alçaq yaşayış evlərinin və yaşıllıqların fonunda özünün hündürlüyü ilə seçilən minarə məscidin kompozisiyasında mühüm yer tutur. 28,5 metr hündürlüyündə olan minarə məscid binasından bir neçə metr aralı, ayrıca dayanan tikilidir. Yuxarıya doğru nazikləşən minarə kərpic hörcülərlə, relyefli naxışlarla bəzədilmişdir. Minarəni tamamlayan şərəfə hissəsi çox məharətlə işlənmişdir.
Məscidin iç məkanı sadə həll olunmuşdur. Buradan ibadət yeri, hücrələrindən isə mədrəsə kimi istifadə olunur. “n” şəklində olan məscid kompleksi iki mərtəbəlidir. Baş fasad kərpic naxışlarla işlənmişdir.

Kiş Alban məbədi

Bu məbəd Kiş kəndinin Maflar məhəlləsində yerləşir. Məbəd ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indidə qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Bütün bunlar onun müqəddəs dini mərkəz olmasından xəbər verir. Məbədin qülləsi, bu qülləyə bitişik divarlar yerli materiallarla- şirin daşla hörülmüş kirəclə suvanmışdır. Qülləə bitişik salonun üstü iri, yonma şirim daşlarla örtülmüşdür. Qüllənin divarları 3 tərəfdən metal pulları cəzb etmək xüsusiyyətinə malikdir. Bunu nəmliklə, uzun müddət şam yandığından divarlara parafin qatının çökməsi, güllə daxilində hava cərəyanı ilə izah edirlər. Bu cür maqik xüsusiyyətinə görə məbəd ocaq, pir və ziyarət kimi müqəddəs yerlərdən biri hesab olunur.
Məbədin şimal-qərb hissəsində, 4-5 metr aralı həyətdə uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı, tava daş vardır. Yeriməyən, dil açmayan vəya digər şikəstliyi olan uşaqları bu daşın üstündə bir gün otutmaqla onları ruhi və cismani xəstəliklərdən xilas etməyi mümkün sayırlar. Məbədin yerli əhali tərəfəindən bu günə qədər qorunub saxlanmasının əsas səbəbi onun müqəddəs sayılmasıdır ki, bu da onun antikliyi ilə üzvü surətdə bağlıdır.
Aparılan kəşfiyat xarakterli arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində və ya gəminin suda olan hissəsi quruluşunda olduğunu sübut etdi. Çox qəribədir ki, misir ehramları da bu cür bünövrə üzərində qurulmuşdur.
Tarixi mənbələrdə olduğu kimi, izahatlarda da dolaşıqlıq olmasına baxmayaraq həqiqəti gizlətmək mümkün deyildir. Qafqaz Albaniyasında xristianlığın yayılma tarixindən bəhs edən VII əsr Alban tarixçisi Moisey Kalankatuklu “Albaniya tarixi” əsərində miladın 50-70-ci illərində baş verən hadisələri təhlilə ehtiyacı olan faktlarla təsvir edir. İsa peyğəmbərin sevimli şagirdlərindən olan Fatdey şərqə xristian təlimini yaymağa göndərilir. Artazda erməni çarının əli ilə öldürülür. Fatdeyin şagirdi müqəddəs Yelisey müəlliminin müşayət etdiyi üçün bu qanlı cinayətin şahidi olur. Qüdsə qayıdıb baş verən hadisələri hamıya söyləyir. İsa peyğəmbərin qardaşı müqəddəs Yakovun(Yaqub) təvsiyyəsi ilə Yelisey müqəddəs ruh naminə şərə şəhid müəllimi Fatdeyin missiyasını davam etdirməyə göndərilir. Müqəddəs Yelisey ermənilərin gğzündən qaçaraq Samur çayının cənubunda yerləşən Maskuta, oradan da Dərbəndə gəlir. Sonra müqəddəs Yelisey Ağdaşın yaxınlığında yerləşən kiçik Surxarın qalasına, buradan da gəlib Kişə çıxır. Albaniya tarixini tədqiq edənlər onun Şəkinin şimalında yerləşən Kiş kəndi olduğunu təsdiq edirlər.
Vurğulamaq yerinə düşər ki, müqəddəs Yelisey Miladın 74-cü ilində şəhid olmuşdur.

“Gələrsən-görərsən” qalası

Kişlilər ona Qız, gah da Qızlar qalası deyirlər. Qız alınmalıq və məğlubedilməzlik anlamını ifadə edir. Bu qala barəsində məlumat verən yeganə mənbələr Kərim ağa Fatehin “Şəki xanlarının müxtəsər tarixi” və Hacı Seyid Əbdülhəmid Əfəndinin “Şəki xanları və onların nəsilləri” əsərində bəhs olunmuşdur. Həmin mənbələrdə bu qala “Qız(lar)” adı ilə deyil, “Gələrsən-görərsən” adı ilə xatırlanır. Hadisələri diqqətlə izlədikdə “Gələrsən-görərsən” adının Qız(lar) qalasına sonradan, daha doğrusu, 1743-cü il hadisələri ilə əlaqədar olaraq verildiyi anlaşılır. Şah Təhmasibin 1551-ci ilindəki məlum hücumundan qorunmaq üçün Şəkililərin həm Kişin özündə yerləşən Kiş qalasında, həm də Qız(lar) qalasında müdafiə olunduqlarını hər iki mənbə açıq və aydın şəkildə təsdiq etməkdədir.
Qız(lar) qalası Kiş kəndinin şimal-şərqində Böyük çayın qollarından biri olan Damarçın çayına bitişik, yüksək bir təpə üzərində qurulmuşdur. Arxadan, öndən və çay tərəfdən ona hücum etmək mümkün deyildir. Qız(lar) qalaı ilə Kiş kəndi arasındakı ərazi Qala düzü adlanır. Kiş kəndinin şimal-şərq qurtaracağı ilə Qala düzünü ayıran Doğrunca çayı elə orada da Böyük çaya qovuşur.
Mənbələr göstərir ki, Şəki Xanı Dərviş Məhəmməd xan 1551-ci ildə Qız(lar) qalasında müdafiə olunmuş və Kiş qalasının alındığını görüncə qaçmağa cəhd etmiş və şahın adamları tərəfindən qətlə yetirilmişdir. Onun kəsilmiş başını Şah Təhmasibin ayaqları altına atmışlar. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahın hücumu ilə əlaqədar Qız(lar) qalasının adını kəçir. Dərviş Məhəmməd xanın qətlindən sonra Şəki xanlığı ləğv edilmişdi və artıq 192 il idi ki, Şəki şahın təyin etdiyi məliklər tərəfindən idarə olunurdu. 1743-cü ildə Hacı Çələbi xan oradakı mələyi və onun adamlarını qətlə yetirib Şəkini müstəqil xanlığa çevirdi. Yenidən Şəki şah ordusu ilə üzləşməli oldu. Nadir şahın qoşunları Qız(lar) qalasını fəsilələrlə mühasirədə saxlayır. Mühasirədə yaşamaq şəkili kişilər üçün çətin olsa da nəticə etibarı ilə Xorasanda şah öldürüblər və Hacı Çələbi Şəkini müstəqil xanlığa çevirə bilibdir.
Gələrsən-görərsən adı da bu hadisələrlə bağlıdır. Belə rəvayət edirlər ki, üzbəüz duran qoşunlar uzaqdan-uzağa qışqıra-qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və soruşur: “O necə qaladır ki, onu almaq olmur?” ona cavab verirlər: “Gələrsən-görərsən”. Elə o vaxtdan etibarən qala iki adla çağrılmağa başlasada, tarixi ədəbiyyatda bir adla - “Gələrsən-görərsən” adı ilə təqdim edilir. Yerli əhali ona Qız(lar) qalası deyir.



Обновлен 20 дек 2013. Создан 28 апр 2010



  Комментарии       
Всего 10, последний 7 мес назад
killer.oldurucu 30 окт 2012 ответить
azerbaycanda das dovru abideleri
sariyev.asim 10 дек 2013 ответить
sagolun bu qeder melumat besdi
qrq3t\sqT\ 10 дек 2013 ответить
SAGOL
SARIYEVA VEFA 51 SAYLI MEKTEB 6C AYLIN 10 дек 2013 ответить
MENE BU LAZIMIYDI SANA BIR SIR VERECEGIME BAKIN
--- 17 фев 2014 ответить
bu qeder melumat yaxsidir 5-ci sinif usaqi ucun
killer.oldurucu 26 фев 2014 ответить
Maa neceyedi
dolmadankusen 20 авг 2014 ответить
Seki xanlarinin evi haqqinda melumat hani?
sems 14 дек 2014 ответить
Ya supeeeeer
sems 14 дек 2014 ответить
Cok tesekkurler
sarp_yilmaz 28 ноя 2016 ответить
cok iyi ben her keze bu sayittan yazmasini dilerim
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi