2009-CU İLDƏ AZƏRBAYCANDA BAŞ VERMİŞ MÜHÜM HADİSƏL

AzərTAc-ın MƏLUMATI



29-30 yanvar – Azərbaycan Prezidenti 39-cu Ümumdünya Davos İqtisadi Forumunda iştirak etmişdir. Forumda qlobal inkişafın aktual məsələləri, o cümlədən dünya enerji siyasətinin problemləri müzakirə olunmuşdur.

6 fevral – Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Sənəddə ölkənin sanatoriya-kurort şəbəkəsinin yenidən təşkili və dünya standartlarına uyğunlaşdırılmasına dair kompleks tədbirlər nəzərdə tutulmuşdur.

12 fevral – Bakıda Beynəlxalq Avtovağzal Kompleksi açılmışdır. Bu, dünyada avtovağzallar sistemində ən böyük komplekslərdən biridir.

18 fevral – “Bakı İslam mədəniyyətinin paytaxtı–2009” mədəniyyət ilinin təntənəli açılışı olmuşdur. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış etmişdir.

26 fevral – Heydər Əliyev Fondunun keçirdiyi silsilə tədbirlər sayəsində dünya Xocalı soyqırımını XX əsrin ən qanlı faciəsi kimi tanımışdır. Dünyanın bir çox ölkələrində “Xocalıya ədalət” beynəlxalq kampaniyasının və onun İnternet saytının təqdimatı keçirilmişdir. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 26 fevral İslam dövlətlərində humanitar fəlakətlərin qurbanlarının xatirə günü kimi qeyd olunur.

27 fevral –M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rəsmi açılışı olmuşdur.

18 mart – Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi (referendum) keçirilmişdir. Referendumun yekunlarına görə, ölkənin Əsas Qanununa təklif olunan əlavələr və dəyişikliklər qəbul edilmişdir.

18-25 mart – Birinci “Muğam aləmi” Beynəlxalq musiqi festivalı və muğam ifaçılarının Beynəlxalq müsabiqəsi keçirilmişdir.

20 mart – Bakıda Müasir İncəsənət Muzeyi açılmışdır.

14 aprel – “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.

4 may – “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır.

7-8 may – Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Praqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində və “Cənub dəhlizi – Yeni İpək yolu” sammitində iştirak etmişdir.

10 may – Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Talassemiya Mərkəzi açılmışdır.

15-17 may – Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçirilmişdir. Azərbaycanın yığma komandası yarışlarda ilk dəfə gümüş medal qazanmışdır.

16 may – Azərbaycan nümayəndələri Aysel Teymurzadə və Araş “Eurovision-2009” beynəlxalq musiqi müsabiqəsində üçüncü yeri tutmuşlar.

2-5 iyun – Bakıda XVI Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində çıxış etmişdir.

2 iyun – “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı təsdiq edilmişdir.

5 iyun – Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qurultayı keçirilmişdir.

6 iyul – Təzəpir məscid-kompleksi əsaslı yenidənqurmadan sonra açılmışdır.

13-14 iyul – Azərbaycanda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyi qeyd olunmuşdur.

4 avqust – Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir.

12 avqust – Qafqaz Müsəlmanları İdarəsinin XII qurultayı keçirilmişdir.

13-22 avqust – Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə 1-ci Beynəlxalq musiqi festivalı və pianoçuların müsabiqəsi keçirilmişdir.

17 avqust – “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” qəbul edilmişdir.

20 avqust – Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “XXI əsrin dahi qadını” fəxri adına namizəd irəli sürülmüşdür. Böyük Britaniya Kraliçası II Elizabet, ABŞ-ın hazırkı dövlət katibi Hilları Klinton, zəmanəmizin bir sıra görkəmli qadınları bu fəxri ada layiq görülmüşlər.

10 sentyabr – Bakıda “Bakı İslam mədəniyyətinin paytaxtı–2009” mədəniyyət ili çərçivəsində Birinci Beynəlxalq kitab sərgi –yarmarkası açılmışdır. Tədbirdə 20-dən çox ölkənin çap məhsulları nümayiş etdirilmişdir.

9-14 sentyabr – Azərbaycan idmançıları Yerevanda keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatında bir qızıl, bir gümüş və üç bürünc medal qazanmışlar. Cüdoçu Elmar Qasımovun şərəfinə Yerevanda Azərbaycan bayrağı qaldırılmış, Azərbaycanın dövlət himni səslənmişdir.

14 sentyabr – Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafına töhfəyə görə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif olunmuşdur.

15 sentyabr – Azərbaycanda ölkənin yeni neft strategiyasının başlanğıcını qoyan “Əsrin müqaviləsi”nin imzalanmasının 15 illiyi təntənə ilə qeyd olunmuşdur.

25 sentyabr – Azərbaycan güləşçiləri Danimarkada keçirilən dünya çempionatında bir qızıl və bir gümüş medal qazanmışlar.

28 sentyabr – Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının iclası keçirilmişdir.

29 sentyabr – Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının sammiti keçirilmişdir.

30 sentyabr – Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

30 sentyabr – AzərTAc ilə YUNESKO arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

3 oktyabr – Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev iştirak etmişlər. Zirvə görüşünün yekunlarına dair Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının yaradılması barədə Saziş və Naxçıvan Bəyannaməsi imzalanmışdır.

6 oktyabr – Bakıda “Caspian Agro-2009” Beynəlxalq kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və qablaşdırılması sərgisi açılmışdır.

10-11 oktyabr – Bakıda görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş İbn Ərabi Beynəlxalq simpoziumu keçirilmişdir.

13-14 oktyabr – Bakıda İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı keçirilmişdir.

14 oktyabr – Kanadanın türkdilli diasporlarının forumu keçirilmişdir. Gürcüstan, Latviya, Litva və Estoniya diasporları nümayəndələrinin də iştirak etdiyi forumda Azərbaycan Prezidenti İlham Əliyev “İlin adamı” elan olunmuşdur.

22 oktyabr – Bakıda Xəzər dənizinin təhlükəsizlik məsələlərinə həsr olunmuş Beynəlxalq konfrans keçirilmişdir.

30 oktyabr – Azərbaycanın şahmat üzrə yığma komandası Avropa çempionu adına layiq görülmüşdür.

2 noyabr - Azərbaycanda ölkənin ən qədim ali məktəbi – Bakı Dövlət Universitetinin 90 illik yubileyi qeyd olunmuşdur. Bu münasibətlə keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir.

4 noyabr – Bakıda “BakuTell–2009” 15-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

5 noyabr – Azərbaycanda əfsanəvi Neft Daşlarının 60 illik yubileyi qeyd olunmuşdur. Təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir.

6 noyabr – Bakıda “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” Beynəlxalq konfransı keçirilmişdir. Tədbirdə bir çox ölkələrin dini liderləri iştirak etmişlər.

11 noyabr – Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” Beynəlxalq konfransı keçirilmişdir.

11-13 noyabr – Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropa Parlamentində Azərbaycan mədəniyyəti günləri keçirilmişdir.

17 noyabr – YUNESKO-da Azərbaycan günü keçirilmişdir. Tədbir çərçivəsində “Azərbaycan qadını: dünən, bu gün və sabah” konfransı, görkəmli alim Musa Əliyevə həsr olunmuş simpozium, tanınmış Azərbaycan rəssamı Səttar Bəhlulzadənın 100 illik yubileyi münasibətilə sərgi təşkil olunmuşdur.

17 noyabr – Bakıda məcburi kökçünlər üçün yaşayış kompleksi istifadəyə verilmişdir. Kompleksin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir.

19 noyabr – Sumqayıt Elektrik Stansiyasının açılışı olmuşdur. Mərasimdə Prezident İlham Əliyev iştirak etmişdir.

20 noyabr – “Azərbaycanın Tələbə Gənclər Təşkilatı İttifaqı” İctimai Birliyinin təsis qurultayı keçirilmişdir.

24 noyabr – Ulyanovskda ulu öndər Heydər Əliyevin adını daşıyan meydan açılmışdır. Aşılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev iştirak etmişlər.

3-10 dekabr – Bakıda yeniyetmələr arasında VI beynəlxalq elm olimpiadası keçirilmişdir.

8-14 dekabr – Bakıda III beynəlxalq Mstislav Rostropoviç festivalı keçirilmişdir. Tədbirdə dünya şöhrətli musiqiçilər iştirak etmişlər.

23 dekabr – Azərbaycanda üçüncü bələdiyyə seçkiləri keçirilmişdir.

30 dekabr – Bakının 8-ci mikrorayonu ərazisində Bakı Metropoliteninin yeni “Azadlıq prospekti” stansiyasının açılışı olmuşdur. Mərasimdə Prezident İlham Əliyev iştirak etmişdir.


AzərTAc 09 yanvar 2010 [18:44]


Создан 24 апр 2010



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi