“CAHANGÜŞA-Yİ XAQAN-İ SAHİBQİRAN” ƏSƏRİNDƏ ŞƏKİ TARİXİNƏ DAİR MƏLUMATLAR

Mənbə: www.tarix.sheki.ws



“CAHANGÜŞA-Yİ XAQAN-İ SAHİBQİRAN” ƏSƏRİNDƏ ŞƏKİ TARİXİNƏ DAİR MƏLUMATLAR

(s.43-45) Sultan Heydərin Şirvan tərəfə qoşun çəkməsi və o həzrətin cənnət bağlarına və behişt bağçasına yollanması

(s.110-113) Qayıq və gəminin köməyi olmadan, Allahın himayəsinin yardımı ilə Süleyman şanlı sahibqiran xaqanın Kür çayını keçməsi

(s.577-578) Div sultanın Gürcüstan tərəfə və Xoca Müzəffərin Mazandaran tərəfə getməsinin şərhi

(s.605-606) 930-cu (1523/24) ilə müvafiq olan kərəmlə dolu meymun ilinin hadisələri

(s.606-607) Hökmdarın məiyyətinin Ərdəbildən yola düşməsi və Şəki hakimi Həsən bəyin öldürülməsi haqqında xəbərin gəlib çatmasının şərhi

 

 

  Şəki hakimliyi ölkəmizin orta əsrlər tarixində özünəməxsus rol oynamış və I Şah Təhmasibin hakimiyyəti dövründə, 1551-ci ildə Azərbaycan Səfəvilər dövlətinin tərkibinə qatılmışdır.

Şəki hakimliyinin tarixinin son mərhələsini öyrənmək baxımından Səfəvi mənbələri böyük əhəmiyyət kəsb edirlər. Bu mənbələrin məlumatına görə, hələ 1488-ci ildə I Şah İsmayılın atası Şeyx Heydər öz qızılbaş qoşunu ilə Dərbəndə yürüş edərkən Şəkidən keçib getmişdi[1]. Səfəvi müəllifləri 1500-cü ilin payızında İsmayılın Şirvan üzərinə yürüş edərkən Qoyun-ölümü adlı yerdən Kür çayını keçdikdən sonra Şəki hakiminin qüvvələrini məğlub etdiyini qeyd edirlər[2]. Səfəvi dövrünə aid anonim bir mənbədə göstərilir ki, İsmayılın qoşunu Kür çayını keçdikdən sonra Şirvanşah Fərrux Yəsarın sahildə yerləşdirdiyi üç minlik qüvvəni darmadağın etmişdi[3]. Biz bu faktları müqayisə edərək belə bir nəticəyə gəlirik ki, şirvanşahın müttəfiqi və ya ola bilsin vassalı olan Şəki hakimi özünün üç minlik qoşununu Fərrux Yəsarın göstərişi və ya xahişi ilə Kürün sol sahilində yerləşdirərək qızılbaşların yolunu kəsməyə cəhd göstərmiş, amma buna nail ola bilməmişdi. Bu hadisə Şah İsmayılın hakimiyyətə gəlməsindən və Təbrizdə şah elan olunmasından təxminən bir il öncə baş vermişdir.

İlkin tarixi məxəzlərin təhlili onu göstərir ki, I Şah İsmayılın hakimiyyəti dövründə (1501-1524) Səfəvilərlə Şəki hakimliyi arasında münaqişələr baş verməmiş, yaxşı münasibətlər mövcud olmuşdur. Məhz həmin dövrdə Şəki hakimliyi Səfəvilərin ali hakimiyyətini qəbul etmiş və onlardan vassal asılılığına düşmüşdü. 1519-cu ildə Şəki hakimi Həsən bəy Təbrizə gələrək Şah İsmayılla görüşmüş və ona öz itaətkarlığını bildirmişdi[4]. 1521-ci ildə Gürcüstanın Kaxeti vilayətinin çarı Levan Şəkiyə hücum etmiş, Həsən bəy Şah İsmayıla məktub yazaraq gürcü hökmdarının bu hərəkətindən şikayətlənmiş və şahdan kömək istəmişdi. Levanın Şəkiyə hücumundan qəzəblənən Şah İsmayıl bunun intiqamını almaq üçün özünün əfsanəvi sərkərdəsi Div sultan Rumlunu Kaxetiyə, Levanın üzərinə göndərmişdir[5]. 1524-cü ilin yazın əvvəllərində Şah İsmayıl Şəkidə yerli hakim Həsən bəy və Şəki əyanları ilə birlikdə ova çıxmışdı. Şah İsmayıl getdikdən sonra Levan yenə Şəkiyə hücum etmiş, Şəki qoşunu sayca çox olan gürcü ordusuna qarşı qəhrəmanlıqla döyüşməsinə baxmayaraq məğlubiyyətə uğramış və Həsən bəy bu döyüşdə şəhid olmuşdu. Bu hadisədən dərhal sonra Levan Kaxetiyə qayıtmışdı. Şah İsmayıl Həsən bəyin qisasını almaq üçün Kaxetiyə yürüş etmək istəsə də, buna əcəl imkan verməmiş və 23 may 1524-cü ildə o, vəfat etmişdir[6].

Həsən bəyin ölümündən sonra onun yerinə oğlu Dərviş Məhəmməd xan Şəki hakimi oldu. Eyni zamanda I Şah İsmayılı oğlu I Şah Təhmasib (1524-1576) əvəz etdi. Onların zamanında Şəki hakimliyi ilə Səfəvilər arasındakı münasibətlər getdikcə gərginləşməyə başladı. Nəticədə, 1551-ci ildə I Şah Təhmasib Şəki hakimliyini ləğv etdi və oranı Azərbaycan Səfəvilər dövlətinin tərkibinə qatdı[7].

Şəki hakimliyinin XVI əsrin ilk rübündəki tarixinə dair məlumat verən Səfəvi mənbələrindən biri Şah İsmayılın hakimiyyətinə həsr olunmuş “Cahangüşa-yi xaqan-i sahibqiran” (“Sahibqiran xaqanın dünyanı tutması”) əsəridir[8]. Bəzi müəlliflər bu dəyərli və iri həcmli salnaməni şərti olaraq “Şah İsmayılın anonim tarixi” adlandırmışlar. Əsərin müəllifinin kimliyi tam bəlli olmasa da, onun Bicən adlı bir şəxs tərəfindən yazıldığı güman olunur. Bir sıra tədqiqatçıların ümumi rəyinə görə, bu mənbə 1540-1548-ci illər arasında yazılmışdır[9]. Lakin A.H.Morton fərqli mövqe nümayiş etdirir və o, bu əsərin təxminən XVII əsrin 80-ci illərində meydana gəldiyini irəli sürür[10]. Hər bir halda “Cahangüşa-yi xaqan-i sahibqiran” əsəri Şah İsmayıl Xətai dövrünün tarixinə dair əvəzolunmaz və mötəbər bir qaynaqdır. Bu əsər farsca qələmə alınmışdır və bu vaxta qədər Azərbaycan dilinə tərcümə edilməmişdir. Hazırkı məqaləmizdə sözügedən mənbənin Şəki tarixi ilə əlaqədar məlumatları ilk dəfə fars dilindən Azərbaycan dilinə tərcümə edilərək oxuculara təqdim olunur. Tərcümə üçün Pakistan alimi A.Müztərrin mənbənin Britaniya Muzeyində və Kembric Universitetində saxlanan nüsxələri əsasında tərtib edərək 1986-cı ildə İslamabadda nəşr etdirdiyi elmi-tənqidi mətnindən istifadə olunmuşdur. Proseslərin mahiyyəti və gedişi oxucu üçün aydın olsun deyə həmin əsərdən götürülmüş Şəki tarixinə dair cümlələr kontekstdən çıxarılmamış və digər hadisələrlə əlaqəli surətdə təqdim olunmuşdur.

 

 (s.43-45)

 Sultan Heydərin Şirvan tərəfə qoşun çəkməsi və o həzrətin cənnət bağlarına və behişt bağçasına yollanması[11]

 

  Elə ki Sultan Heydər öz dayısı oğlu olan Sultan Yaqubun[12] kobud rəftarından və yöndəmsiz hərəkətlərindən agah oldu, sufi əmirləri və Səfəvi sülaləsinin tərəfdarları ilə məşvərət etdi. Onun cahanı bəzəyən rəyi Şirvan Dərbəndinə tərəf yürüşə çıxaraq Çərkəz və Dağıstanda qəzavat etməyi qərara aldı. O, fədakar sufiləri çağırmaq üçün səba (küləyi) kimi (sürətli) qasidlər göndərdi və qoşunun toplanması başa çatdıqdan sonra Şirvan vilayətinə yola düşdü. O əyyamda artıq Sultan Xəlilin oğlu Sultan Fərrux Yəsar[13] öz atasının yerinə Şirvan valisi olmuşdu. (Fərrux Yəsar) o həzrətin gəlişindən xəbər tutduqda onun sabitlik və dayanıqlılığının bünövrəsi sarsıntıya məruz qaldı. O, Sultan Heydərin atasının qanının qisasını alacağından və Şirvan vilayətinə qəsd edəcəyindən qorxuya düşərək, o həzrətə qarşı düşmənçilik və nifaq mövqeyi tutdu[14]. Lakin şirvanşah özündə o həzrətə qarşı müqavimət göstərmək gücünü görmədiyindən, öz kürəkəni[15] olan Sultan Yaqubun yanına adam göndərib ona belə bir xəbər çatdırdı:

  “Sultan Heydər qızılbaşlardan ibarət böyük bir qoşunla döyüşmək əzmi ilə Şirvana gəlir. Heç bir şəkk-şübhə yoxdur ki, o, (Şirvanı) zəbt etdikdən sonra digər məmləkətləri də fəth etmək həvəsinə düşəcəkdir və bu minvalla dövlətin təməlləri laxlayacaqdır. İndi gərəkdir ki, bizim köməyimizə bir türkman qoşunu[16] göndərəsiniz və biz o qoşunun yardımı ilə qızılbaşların bu vilayətə qədəm qoymasına imkan verməyək”.

  Sultan Yaqub bu sözləri eşitdikdə doğru yoldan azdı, (Sultan Heydərlə arasında olan) qohumluq bağlarını qırmağı mümkün bildi və öz kinli ürəyində dünya və axirətdə bədnam olmağın toxumunu əkdi. O, Süleyman Bicən-oğlunu bədbəxtlik gətirən türkman ordusunun dörd min süvarisi ilə birlikdə şirvanşahın imdadına göndərdi və təsdiqləyici bir namə qələmə alıb, ona Sultan Heydəri qətlə yetirmək haqqında icazə verdi.

  Süleyman bəyin ordusu şirvanşaha qoşulmazdan öncə Sultan Heydər Şirvanın şimal tərəfində yerləşən Şəkinin yolu ilə irəliləyərək o məmləkətə daxil oldu. Daha sonra müzəffər qoşun hərəkət edib Dəmirqapı və Babüləbvab adları ilə məşhur olan Dərbənd qalasının ətəyinə çatdı. Bu qala mətanət və möhkəmlikdə İsgəndər səddi kimi məşhurdur. Buna görə də o qalanın əhalisi inadkarlıq göstərdi. Onlar o fələk əsaslı qalaya bacarıqlı adamlar və döyüş avadanlıqları vasitəsilə istehkam verdilər. Bu səbəbdən o zəlalətli firqənin iqbal sahibi olan (Sultan Heydərin) əli ilə tənbeh edilməsi və cəzalandırılması lazım oldu. O, qazilərə həmin şəhəri və qalanı zəbt etməyi əmr etdi. İgidlər o qalanı zəbt etmək üçün səy göstərdilər. Qısa bir müddət  ərzində o mətin qalanın bünövrəsinə sarsıntı saldılar. Az qaldı ki, o qalanın fəth olunması baş tutsun. Ancaq bu zaman Heydəri xanədanının tərəfdarlarından biri olan və qoşunun arxa hissəsinə başçılıq edən Qara Piri Qacar arxadan gəlib xəbər gətirdi ki, türkman qoşununun bir dəstəsi Qara Süleymanın (yəni Bicən-oğlunun) sərdarlığı ilə Kür çayından keçmişdir, şirvanşah Şirvan əsgərləri ilə birlikdə onlara qoşulmuşdur və onlar qalibiyyətli (qızılbaş) qoşunu ilə müharibə etmək iddiasındadırlar. Dinpərvər sultan (Heydər) bədbəxtlik gətirən o güruhun gəlişinə görə zərurət üzündən həmin qalanın ətəyindən çəkildi, o mərdimazar güruhla döyüşə hazır oldu və Təbərsəran hüdudunda iki qoşun üz-üzə gəldi...

 (s.110-113)

 Qayıq və gəminin köməyi olmadan, Allahın himayəsinin yardımı ilə Süleyman şanlı sahibqiran xaqanın Kür çayını keçməsi[17]

 

  ... Əlahəzrət (İsmayıl) əmr etdi ki, ali məiyyət gəlib çatmazdan öncə  Bayram bəy Qaramanlu zülqədər və təkəlü (tayfalarının) qazilərindən ibarət bir dəstə ilə Kür çayının kənarına getsin və Qoyun-ölümü keçidindən çayı keçib çayın o biri tayında mühafizə təşkil etsin ki, şirvanlılar oraya gəlib müzəffər qoşunun keçidinə mane ola bilməsinlər. Bayram bəy itaət edilməsi vacib olan bu hökmə uyğun olaraq Kür çayı tərəfə getdi. Elə ki o, çayın kənarına çatdı, qoşunun çayın hansı yerindən keçməsi barədə hər nə qədər götür-qoy etsə də, orada olan iki keçidin heç birini ordunun keçməsi üçün münasib hesab etmədi. Çox fikirləşdikdən sonra qaziləri iki dəstəyə bölüb, dəstələrdən hər birini o ərazidə birləşən Araz və Kür çaylarının[18] iki səmtindən birinə göndərdi ki, orada mövqe tutsunlar və o ucsuz-bucaqsız dəryadan keçmək üçün vasitələr hazırlasınlar. Müzəffər əsgərlər Bayram bəyin göstərişinə əsasən suyun iki səmtində mövqe tutub, bəziləri qayıq və sal düzəltməyin xəyalını qururdu, bəziləri isə gəmi və bərə hazırlamağın fikrinə düşmüşdü. Onlar bu fikir və əndişədə idilər ki, imamət və kəramət xanədanının rəhbəri, yəni Süleyman şanlı sahibqiran xaqan çayın kənarına gəlib çatdı. O, Bayram bəyin fikrindən xəbərdar oldu və bu əndişə və xəyal o həzrətin mübarək təbiətinə müvafiq olmadı. O, şəkk-şübhəsiz və hazırlıqsız bir şəkildə xoş yerişli və balıq əndamlı atını bir neçə addım su boyunca çapdı və (Allaha) təvəkkül edərək, atını akula kimi o sonsuz dəryaya vurdu. İgid sufilər və fədakar qazilər o halı müşahidə etdikdə, heç tərəddüd etmədən o şahsuvarın arxasınca atlarına suya saldılar və onların hamısı Allahın mühafizəsinin zəmanəti altında sağ-salamat o çaydan keçdilər. Bəlağət yükünə malik “Mənim Əhli-beytim Nuhun gəmisi kimidir” hədisinin[19] məzmunu gerçəklikdə baş verdi. Bu qəribə işin və əcaib əhvalatın baş verməsi səbəbindən əqidə sahiblərinin o kəramətli ailənin seçilmişinə (yəni İsmayıla) olan inamı artdı.

  Bu əsnada Şəki camaatı inadkarlıq göstərib üsyan etdi. Süleyman şanlı sahibqiran xaqanın işarəsi ilə qazilər atəş misallı amansız qılınclarla onların həyat xırmanını yandırdılar. Bu hadisənin baş verməsindən sonra o həzrət həmin məkanda dayandı. Növbəti gün Sultan Fərrux Yəsarın yanından bir süvari gəlib belə bir xəbər gətirdi:

“Süleyman şanlı xaqanın Şirvan üzərinə gəlməsi haqqında məlumat şirvanşaha çatdıqda, o, dəstəkçilərinin və köməkçilərinin çoxluğundan qürurlanaraq, lovğalığının bolluğundan demişdir ki, əgər o həzrət bu hüduda gələrsə, onun atasının başına gələn hadisə onun da başına gələcəkdir”.

Süleyman şanlı sahibqiran xaqan bu sözü eşitdikdə, (qəzəbindən) alışıb-yandı... Ertəsi gün Süleyman şanlı xaqan o məkandan köç edib, Gəldi-gələn adlı mövqeyə doğru hərəkət etdi. O mənzildə həmin yerin sakinlərindən olan bir şəxs (Şah İsmayılın) hüzuruna gəlib dedi ki, dinin pənahı olan padşahın (yəni İsmayılın) gəlişindən xəbər tutan şirvanşah 20 min süvaridən və 6 min piyadadan ibarət qoşunu ilə Şamaxı qalasını tərk etmişdir və indi Qəbələ qalası ətəklərində dayanararaq, döyüşə və vuruşa müntəzirdir...

 (s.577-578)

 Div sultanın Gürcüstan tərəfə və Xoca Müzəffərin Mazandaran tərəfə getməsinin şərhi[20]

 

Süleyman şanlı sahibqiran xaqan Marağanın Nəbat mənzilindən səltənətin mərkəzi (“darüsəltənə”) Təbrizə doğru hərəkətə gəldi. Bir ay sonra isə həmin gözəl şəhəri tərk edib Naxçıvana yollandı və orada qışlamaq qərarına gəldi. Kaxet Gürcüstanının hakimi Ləvənd xan[21] itaətkarlıqdan boyun qaçırıb, dinsiz kafirlərdən ibarət çoxsaylı bir dəstəni Şəki vilayətinə basqın etməyə göndərdi. Şəki vilayətinin valisi Həsən bəy ali əşrəfin (yəni Şah İsmayılın) hüzuruna ərizə göndərib, dinsiz gürcülərin gəlişinin şərhini qələmə aldı. Buna görə də Div sultan Rumluya Gürcüstan vilayəti üzərinə hücum etmək haqqında göstəriş verildi. Div sultan mücahid igidlərdən ibarət bir dəstə ilə sürətli hərəkət (“ilğar”) edərək, özünü “kafirlər diyarına” (yəni Gürcüstana) çatdırdı, Qanıq və Qabırrı çaylarını keçərək, Zəgəm və Girem qalalarını çapıb-taladı. Ləvənd xan qızılbaş əsgərlərinin qorxusundan boynuna qılınc asıb Div sultanın yanına gəldi və təslim oldu. Həmçinin Gürcüstanın digər valiləri – Məlik Qurqura, Davud bəy, Məlvən bəy və Mənuçöhr bəy də Div sultanın hüzuruna gəlib, layiqli peşkəşlər gətirdilər...    

 (s.605-606)

 930-cu (1523/24) ilə müvafiq olan kədərlə dolu meymun ilinin hadisələri

 

  (Şah İsmayıl) qış fəslinin xoşbəxt günlərini Naxçıvan şəhərində başa vurduqdan sonra bahar gəldi. Lakin bu ilin baharında yaz fəslinə lazım olan təravətin sevinc və şadlıq gətirən qoxusu hiss olunmurdu. Bu baharın çiçəklərinin görkəmindən ölgünlük və solğunluq görünürdü. Cahan gülzarı rahatlıq tapmaq bilmirdi. Sanki zəmanə qeyb pərdəsi arxasında gizli qalan və alçaq fələyin gərdişi və buqələmun taleyin oyunbazlığı üzündən baş verəcək mühüm bir hadisədən xəbərdar idi.  Buna görə də həmişə könül xoşluğu və şənliklə keçən Novruz bayramında (“Novruz-i sultani”) bu il o şadyanalıqdan və səadətdən əsər-əlamət yox idi və qəzavü-qədər fələyinin isti üzlü günəşi min-min nalə və fəğanla həməl bürcünü öz çadırı üçün düşərgəyə çevirmişdi.

Beyt:

“Bu baharda heç kəsin murad gülü açılmadı,

Növbəti bahara qədər təbiətin təntənəsi dirçəlmədi”.

 

  Novbahar bulud öz ağlamağı ilə ağaclara və budaqlara irtimasi qüsl[22] verdi. Təzə-tər yaşıl bitkilər başlarını sallayıb, yerə əyildilər. Lalə başdan-ayağa qədər pərişan olub, al-əlvan rəngi yanağından kənar etdi. Qızılgül paltarını yırtıb, gülməyi unutdu. Bənövşə öz göy libasından[23] həzz aldı və bəhrəmənd oldu. Meyvə ağacları bəhər verməmiş əldən düşdülər...       

Süleyman şanlı sahibqiran xaqan Novruz bayramını qeyd etdi. Həmin gün əmirlər və dövlət ərkanı (şaha) təzim etmək şərəfinə nail olub, layiqli peşkəşlər təqdim etdilər və onların hamısı bahalı xələtlərlə mükafatlandırıldılar. Bayram və şənlik günlərindən sonra həmin bahar fəslində Naxçıvandan Şirvan vilayətinə yollandılar. Elə ki Kür çayının yaxınlığına yetişdilər, Şirvan valisi Şeyxşahın ölüm xəbəri əşrəfin (yəni Şah İsmayılın) qulağına çatdı. O vilayətin hökumət fərmanı onun (yəni Şeyxşahın) oğlu Sultan Xəlilin adına yazıldı. Sultan Xəlil bu xanədanla (yəni Səfəvilər sülaləsi ilə) qohum olmaqla başucalığı qazanmışdı[24].

  (Şah İsmayıl) Şirvana getməkdən vaz keçib, hərəkət istiqamətini Şəki səmtinə döndərdi. Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb, (şaha) təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki, qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağı[25] (adı) ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağında) ovlanması uğursuzluq əlaməti hesab olunurdu. Bu məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymadı və ovun başlamasını əmr etdi. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıtdı.

 (s.606-607) 

Hökmdarın məiyyətinin Ərdəbildən yola düşməsi və Şəki hakimi Həsən bəyin öldürülməsi haqqında xəbərin gəlib çatmasının şərhi

 

Süleyman şanlı xaqan bir neçə gün Ərdəbildə ali məqamlı əcdadlarının ziyarəti ilə vaxtını keçirdi və daha sonra oradan səltənətin mərkəzi (“darüssəltənə”) Təbrizə tərəf yola düşdü. Elə bu zaman Gürcüstanın Kaxet hakimi Ləvənd xanın Şəkiyə gəlməsi və Şəki valisi Həsən bəyin öldürülməsi haqqında xəbər şahın ərzinə çatdırıldı. Bu hadisənin icmalı belədir ki, Şəki valisi Gürcüstanla həmsərhəd olduğundan, onlar arasında həmişə düşmənçilik və münaqişə atəşi alovlanırdı. Dünya şahı (İsmayıl) o vilayətdən (yəni Şəkidən) çıxıb darülirşad (Ərdəbilə) üz tutduğu günlərdə Ləvənd xan Gürcü fürsət tapıb, çoxlu qoşunla o diyara sürətli yürüş (“ilğar”) etdi və tərəflər arasında böyük bir vuruşma baş verdi. Döyüş nəticəsində Şəki qoşunu qaçmağa üz qoydu və Həsən bəy o mərəkədə şəhid oldu. Ləvənd xan Gürcüstana qayıtdı. Onun bu hərəkətindən hökmdarın (yəni Şah İsmayılın) qəzəb odu alışdı və o istədi ki, qisas almaq üçün hərəkətə keçsin. Lakin bu zaman onun mübarək zatına bir bədbəxt hadisə üz verdi və həmin tədbir təxirə düşdü[26]. Şəki camaatı ondan (yəni Həsən bəydən) sonra Dərviş Məhəmməd bəyi hökumət taxtına əyləşdirdi...

 

Namiq MUSALI,

AMEA A. Bakıxanov adına

Tarix İnstitutunun elmi işçisi,

tarix elmləri namizədi,

01.03.2009.   

 

Həmçinin, bax, Namiq Musalının digər bir yeni və hələ nəşr olunmamış məqaləsinə:

СВЕДЕНИЯ ПИСЬМЕННЫХ ИСТОЧНИКОВ ОБ ИСТОРИИ ГОРОДА ШАМКИР (VII-XIII ВВ.)

 

URL: http://www.tarix.sheki.ws/177#_ftn26

 



Создан 14 мар 2014



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi