Nəbibəyov Rüstəm Hüseyn oğlu




Nəbibəyov Rüstəm Hüseyn bəy oğlu

 

Rüstəm Hüseyn bəy oğlu Nəbibəyov 1923-cü il yanvarın 26-da Şəkidə  anadan olmuşdur. Atası podpolkovnik (1920-ci ildə qırmızı ordunun Azərbaycanı işğal etdiyinə qədər polkovnik) Hüseyn bəy Qasımbəy oğlu və əmiləri polkovnik Bəhram bəy, kapitan Vahid bəy və kapitan Zahid bəy 1930-cu ilin aprelində sovet quruluşuna qarşı aparılan mübarizənin fəal iştirakçıları olduqlarından bolşeviklər tərəfindən repressiyaya məruz qalmışlar.


Böyük qardaşı Tamerlanın da hökumətə qarşı etdiyi çıxışlara görə qırmızılar tərəfindən öldürüldüyü bildirilir. Üç uşaqla tənha qalan anası Göyçək xanım Tahirbəyova ailənin dolanacağını təmin etmək üçün Şəkidəki uşaq evində tərbiyyəçi-müəllim işinə düzəlir. Sonralar təhsili və savadı imkan verdiyindən onu həmin müəssisəyə müdir vəzifəsinə irəli çəkirlər.


Uşaqlar böyüdükcə ailədə təlabat artdığından 1938-ci ildə bütün dərslərdən əla qiymətlər alan, rus dili, fizika və riyaziyyat fənlərindən fövqəlsavada malik səkkizinci sinif şagirdi balaca Rüstəm işləmək qərarına gəlir. Ona oxuduğu, Azərbaycanın ən qədim təhsil ocaqlarından biri olan 5 saylı orta məktəbdə yuxarı siniflərdə müəllim işləmək təklif olunur və o bu işin öhdəsindən layiqincə gəlir. 1940-cı ildə orta məktəbi bitirdikdən sonra R. Nəbibəyov 1942-ci ildə Şəkidəki ikiillik Müəllimlər İnstitutunu, daha sonra isə Bakıda ADU-nun mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə başa vurur.


Yüksək biliyə və intellektual səviyyəyə malik Rüstəm müəllim özü də repressiyaya məruz qalmış, bəy ailəsinin övladı olduğuna görə müxtəlif təzyiqlərlə üzləşmişdir. Uzun illər ərzində çalışdığı elmi işinə də müsbət rəy ala bilməmişdir. Lakin bütün bunlara baxmayaraq, o, böyük həvəslə gənc nəslin əsl türk övladı kimi yetişməsi üçün əlindən gələni əsirgəməmişdir.


1959-cu ildə görkəmli dövlət xadimi İmam Mustafayevin təşəbbüsü ilə Nazirlər Kabinetində məsul vəzifəyə təyin edilən R.Nəbibəyov müəllimlik peşəsinə daha cox bağlı olduğundan Sov.İKP üzvü olmadığını bəhanə gətirərək həmin işdən öz xahişi ilə azad olunub yenidən Şəkiyə qayıdır. Uzun illər rus dili və ədəbiyyatı fənnini tədris etməyinə baxmayaraq, bu sahədə ali təhsili olmadığından 60-cı illərdə o, M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunun  qiyabi şöbəsinə daxil olur. Buranı da əla qiymətlərlə başa vurub üçüncü diplomunu alır. Müxtəlif vaxtlarda Şəki şəhər Xalq Maarif Şöbəsində təlimatçı və inspektor vəzifələrinə təyin edilsə də, hər dəfə öz xahişi ilə işdən çıxıb və məktəbdə işləməyə üstünlük verib.


Rüstəm müəllim asudə vaxtlarını texniki yaradıcılıq işinə sərf edib və düzəltdiyi yeni qurğular müxtəlif diplomlar və şəhadətnamələrə layiq görülüb. 1965-cı ildə onun ixtira etdiyi avtomat dəftərsatan Moskvada Xalq Təsərrüfatı Naliyyətləri Sərgisində mükafata layiq yer tutmuş və buna görə də ona müəlliflik şəhadətnaməsi verilmişdir.


İşlədiyi dövrdə R. Nəbibəyovun zəhməti dövlət və hökümət tərəfindən qiymətləndirilmiş, fəxri fərmanlar və medallarla təltif olunmuşdur.


Ömrünün sonunadək Şəki Pedaqoji Texnikumunda işləyən Rüstəm Nəbibəyov və 1987-ci il avqustun 1-də 63 yaşında vəfat etmişdir.

 

Ələfsər MƏMMƏDOV, Fikrət XALIQOV.



Обновлен 03 апр 2017. Создан 17 мар 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi