Şəki xanlarının sarayı və Şəkixanovların evi.

Nazim hikmət: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki xan sarayını dünyaya göstərmək bəs edərdi"



Şəki xanlarının sarayı.

Şəki xanlarının sarayı Azərbaycanın orta əsr memarlığının ən görkəmli abidəsidir . Sülh uğrunda alovlu mübariz, zəmanəmizin görkəmli şairi Nazim hikmətin sözlərilə desək, "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki xan sarayını dünyaya göstərmək bəs edərdi".

Dünyada öz orijinallığı ilə yeganə olan Xan sarayını 1762-ci ildə Müştaq təxəllüsü ilə şerlər yazan Hüseyn xan tikdirmişdir. Sarayın xüsusi tikinti üslubu vardır. Təkcə onu göstərmək kifayətdir ki, hər kvadratmetr şəbəkə beş min bir-birinə geydirilən hissələrdən ibarətdir.

Sarayda xalq təsviri incəsənətinin bir çox növləri, xüsusən XVIII-XIX əsrlərin maraqlı divar rəssamlığı nümunələri ümumiləşmişdir.

Şəki xanlarının sarayı şəhərin yuxarı hissəsində, yüksəklikdə yerləşir. Saray qalanın-xan iqamətgahının içərisində yerləşirdi və tikinti kompleksinə daxil idi. Bu kompleksdən indi saraydan başqa bir hovuz, yəqin ki, dəyişdirilmiş formada, fasadın qarşısında isə bir neçə çinar ağacı qalmışdır.
Qeyd etmək lazımdır ki, saray qala içərisində olmasına baxmayaraq, köhnə Şərq şəhərləri üçün xarakterik olan əlavə divarlarla əhatə olunmuşdur.

1853-cü ildə tərtib olunmuş plana əsasən iqamətgahda xanın ailəsi və nökərləri üçün müxtəlif təyinatlı çoxlu miqdarda tikintilər yerləşirdi. Ancaq bu plana görə ayrı-ayrı binaların təyinatını müəyyən etmək mümkün deyil, çünki onların bu planda hərbi vəziyyəti uyğun təyinatları göstərilmişdir. Bundan başqa, onu da nə-zərə almaq lazımdır ki, Şəki xanlığının Rusiya tərkibinə daxil olduğu dövrdən planı tərtib olunduğu dövrə qədər də sözsüz ki, yeni tikintilər də inşa edilmişdir. Bütün bunlara baxmayaraq, xan sarayının keçmiş tikinti xüsusiyyətlərini öyrənməkdə bu planın böyük əhəmiyyəti var. Bizə qədər gəlib çatan Şəki xan sarayının memarlıq ansamblının ümumi təsvirini müqayisə etdikdə, plandakı bir çox tikintilərin keçmiş təyinatlarını aydınlaşdıra bilirik.

Hər şeydən əvvəl, bütün ərazinin düzgün planlaşdırılması diqqəti cəlb edir: müxtəlif tikililərin bir-birilə uyğunlaşmasına ciddi riayət edilməsi, kompozisiya cəhətdən üç sərbəst bağ və çoxlu hovuzların olması (onlardan əksəriyyəti təsvirdə göstərildiyi kimi fəvvarələr idi). Kompleksə daxil olan tikililərin əksəriyyəti xan nəslinin ayrı-ayrı üzvlərinin yaşayış evləri idi; bu tikililər güman ki, müxtəlif vaxtlarda tikilmişdir. Təsvirdə qeyd edilən tikililər təbiidir ki, planda göstərilən bağların dövrəsində olan, bizə gəlib çatmış bir qrup evlərin eynidir. Şəki qalasının bu hissəsi, sözsüz ki, təntənəli hissə olmuşdur.
Şəki xanları sarayı haqlı olaraq yay saray pavilyonu sayılır, qış sarayı hesab olunan bina isə çox güman ki, bağlar arasında planda göstərilən bir qrup yaşayış binalarının arasında olmuşdur. haqqında danışdığımız saray binası, onlardan bəziləri plandan göründüyü kimi, saraydan böyük olsa da, bu qrup tikililər arasında əsas yeri tuturdu.

Şəki xanları sarayının ön fasadı cənuba baxan ikimərtəbəli binadan ibarətdir. Mərtəbələrin planı eynidir. Bir cərgədə yerləşən üç ev bir-birindən dəhlizlə ayrılır-bununla da saray planı öz sadəliyi və aydınlığı ilə fərqlənir. Sarayın baş otaqları birinci və ikinci mərtəbədə yerləşən zallar olmuşdur ki, burada da iki ensiz taxça arxa divarda və bir enli taxça ön divarda yerləşirdi. Enli taxça və birinci mərtəbənin zalı güman ki, rəsmi qəbul yeri olmuşdur.

Mərtəbələr arasında daxili əlaqə olmamışdır. İkinci mərtəbəyə yan fasadlara kirişləri olan, yan otaqların arxasında yerləşən pillələrlə qalxırdılar. İlk nəzərdə belə yöndəmsiz görünən pilləkənlər tikintinin yay sarayı olması ilə aydınlaşdırılır. Kompleks tikintiyə daxil olan qış sarayı yay sarayına sarayın şimal fasadı
ilə əlaqədar olan tikinti ilə birləşirdi. Onu da qeyd etmək vacibdir ki, birinci və ikinci mərtəbələr arasında daxili yolun olmaması sarayın iki hissəyə-rəsmi qonaq və şəxsi xüsusi hissəyə ayrılması ilə aydınlaşdırılır. Saxlanılan sənədlərə görə, aşağı mərtəbənin zalı divanxana adlanırmış.

Sarayın rəsmi hissəsinin başqa hissələrdən təcrid edilməsi Şərq feodal şəhəri üçün adi haldır və bu hala hətta yaşayış evlərində də təsadüf edilir. Beləliklə, kənar adamlar ancaq birinci mərtəbəyə, ikinci mərtəbəyə isə ancaq xan ailəsinin üzvləri və ya onlara qulluq edən adamlar buraxılırdılar. Bu adamlar təsvir etdiyimiz yay sarayına da buraxılırdılar. Qış sarayı binası tərəfdən yay sarayının ikinci mərtəbəsinə qalxmaq üçün binanın yan tərəflərində pilləkən nəzərdə tutulmuşdur.

Sarayın baş-cənub fasadı şəhərə tərəfdir. Memarlıq cəhətdən baş fasadın hissələrə ayrılması saray daxilinin strukturunu aydın əks etdirir . Sarayda binaların yerləşməsindən asılı olaraq cənub fasad beş hissədən ibarət olub, orada orta salonlar, yan otaqlar və dəhlizlər yerləşir ki, onlar da salonları otaqlardan ayırır.

Baş fasadın kompozisiyasının xüsusiyyəti salon və otaqların xarici divarlarının həllindən çox asılıdır: burada divarlar bütövlüklə şəbəkə tipli pəncərələrlə əvəz olunmuşdur . Pəncərə şəbəkələrinin həndəsi ornamentli fiqurları, onlara vurulan müxtəlif rəngli şüşələr fasadı ayıran hissələrin ornamentli səthləri ilə çox közəl uyğunlaşır. Belə şəbəkəli fonda piştağın dərin taxçaları çox aydın bir surətdə közə çarpır və eyni zamanda sarayın birinci mərtəbəsinə girişləri və onların üzərindəki ikinci mərtəbənin balkonlarını çərçivəyə alır. Beləliklə, sarayın baş fasadının kompozisiyası üç elementin uzlaşması ilə xarakterizə edilir: divarın ornamentliliyi, naxışlı şəbəkə və piştağların genişliyi. Ümumiyyətlə, fasadın memarlığı sarayın daxili planlaşdırılmasında və onun konstruktiv həllində yüksək rəssamlıq sənətini nümayiş etdirir.
Sarayın interyerindəki naxışlar daha çox maraq doğurur və bir çox tədqiqatçıların nəzərini cəlb edir. Naxışlar hər iki mərtəbənin iki qıraq otaqlarındadır. həm birinci və həm də ikinci mərtəbədəki zalların naxışları daha qiymətlidir. Naxışlar divarların bütün səthini, taxçaları, divardan plafona olan keçidi, hər iki mərtəbədəki zalların plafonlarını və ikinci mərtəbənin otaqlarını bəzəyir. Birinci mərtəbədəki zalın plafonu həndəsi fiqurlar şəklində olan xırda ağac hissələrdən yığılmışdır.

Sarayda saxlanılan naxışlar müxtəlif vaxtlarda işlənmiş və onların qiyməti də müxtəlifdir. Rəssamlıq nöqteyi-nəzərindən daha qiymətli naxışların müəyyən qədəri, ola bilsin ki, XVIII əsrə aid olanı birinci mərtəbənin və ikinci mərtəbənin salonunda qalmışdır.

Saray naxışları əsasən dörd qrupa bölünür: həndəsi və bitki naxışlar, süjetli və quşların təsviri həkk olunmuş naxışlar. Bu dörd tipli naxışlar, onların vurulduğu səthdən asılı olaraq, müxtəlif kompozisiyalarda göstərilmişdir. Şəki xanları sarayının əsas kompozisiyası taxça və, aralıqları dolduran pannodur. Bu, əsas etibarı ilə bitki motivlərindən ibarət olan, hərdən quş şəkilləri əlavə olunmuş kompozisiyadır. Aralıqlarda aşağı uzanan kompozisiyanın tipi pannonun enli taxçada və ya ensiz aralıqlarda yerləşdirilməsindən asılı olur .

İkinci mərtəbənin salonunda taxçanın birinci və ikinci yaruslarında haşiyə şəklində verilən döyüş və ov səhnələrini xüsusi olaraq qeyd etmək olar .

Ümumiyyətlə, Şəki xanları sarayının naxışları koloritinin zənginliyi, qızılı rəngin geniş tətbiqi ilə xarakterizə edilir. Rənglərin seçilməsi yerli tonların tətbiqinə əsaslanır. O dövrün bütün divar naxışları kimi, bunlar da tempera ilə gips üzərinə işlənmişdir. Sarayın !salonlarında olan incə daxili qapılar və buxarılar diqqəti cəlb edir .

Şəki xanları sarayına müxtəlif vaxtlarda naxış vurmuş rəssamlardan beşinin adı bizə məlumdur. Çox güman ki, ən əvvəl ikinci mərtəbədəki zalın plafonuna vurulan naxışlar ustad Abbasqulunun adı ilə bağlıdır . Bu yazı özünün ornamentli kompozisiyası ilə düzgün və güzgüdəki əksində ustanın adının iki dəfə təkrar olunması ilə diqqətəlayiqdir. Ola bilsin ki, bu usta sarayı tikən memar olmuşdur.
Birinci mərtəbədə salonun naxışlarının xeyli hissəsi 1895-1896-cı illərdə şamaxılı rəssam-nəqqaş Mirzə Cəfər tərəfindən işlənmişdir .

İkinci mərtəbədəki zalın zəmanəmizə qədər gəlib çatan naxışlarının çoxunu şuşalı rəssam, usta Qəmbər vurmuşdur. Onun adı ilə bağlı olan 1902-ci il tarixli naxış ikinci mərtəbədəki zalın taxçasının yuxarı hissəsində qalmışdır.

Bundan başqa, Şəki sarayında ikinci mərtəbənin qıraq otaqlarının naxışlarında adlarını qovluqları şamaxılı Əliqulu və Qurbanəli adlı ustalar işləmişlər.

Şəki xanları sarayı Azərbaycanda tikinti işinin aşağı səviyyədə olduğu dövrdə tikilmişdir, ancaq Şəki xanları sarayı bir daha göstərir ki, keçmişin ənənələrini qoruyub saxlayan ustalar hələ bu dövrdə də yüksək sənətkarlıq nümunəsi yaratmağa qadir idilər.

1952-ci ildə respublikanın görkəmli memarlarından, memarlıq namizədi Niyazi Rzayevin rəhbərliyi altında Şəki xanları sarayının ilk dəfə ölçüləri götürülmüş, tədqiq olunmuş və onun bərpa layihəsi tərtib edilmişdir.
Bərpa işləri 1967-ci ildə başa çatdırıldı və abidə əvvəlki görkəmini aldı.


Şəkixanovlar evi.

Təsvir olunan yaşayış evlərinin inkişaf etmiş forması Şəkixanovlar evidir - bu ev xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır.

İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina Şəki xalq yaşayış evlərinin əlamətlərini saxlayaraq, əsasən interyerdəki zəngin dekorativ elementlər binanı saray tipli tikintilərə bənzədir. Bundan əvvəlki halda olduğu kimi, küçəyə çıxan divarlarda tamamilə boşluq yoxdur, planda və fasadda evin iş, yaşayış və qonaq hissələrinə bölündüyü aydın göstərilir. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pillələr yerləşən otaqlarla birləşir. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada "buxarılar" yerləşdirilmişdir. Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulmuşdur.
Bina kəllə divarın biri ilə qonşu binaya söykənir, o biri divara isə çardağa qalxan pilləkən birləşir. Şəkiyə xas olan binanın yerləşdiyi sahə bir az irəli çıxır, arxa və yan tərəflərdən çaydaşı və kərpiclə hörülmüşdür, fasadın həyət tərəfindəki meydança çox səliqə ilə yonulmuş daşla və kərpiclə örtülmüşdür.
Evin əsas fasadı aydın, xoşagələn forması ilə fərqlənir. Fasadın mərkəzi oxu böyük vitraj - şəbəkə ilə işlənmişdir, buna nisbətən ritmik şəkildə xırda ölçülü şəbəkə yerləşir, aşağı mərtəbədə başqa ritmli pəncərə və qapı boşluqları çox səliqə və dəqiqliklə işlənmişdir.

Şəkixanovlar evinin fasadının aşağı hissəsinin sadə tikilişi aşağı mərtəbədəki yaşayış evlərinin bəzəyinə çox uyğun gəlir, burada ornament və naxış demək olar ki, yoxdur, hətta kaminbuxarı belə bəzənməmişdir.

İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmiş və bütün interyer ona nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənmişdir. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilmişdir. Taxçalar Azərbaycanın dahi şairi Nizaminin "Yeddi gözəl", "Leyli və Məcnun" poemalarının qəhrəmanlarının şəkilləri ilə bəzənmiş və üstü çox mürəkkəb olmayan bəzəkli stalaktitlə örtülmüşdür. Kəllə divarlarda da bu cür iki taxça yerləşir və bunların arasında qonşu otaqlara və salona çıxan qapılar yerləşir. Üç divarın taxçaları və boşluqları üstündən rəf keçir ki, bu rəf də stalaktit karniz üzərində yerləşmişdir. Güzgü stalaktitinin mürəkkəb quruluşunu salonun yuxarısından keçən karniz təşkil edir. Rəflərin üstündə taxçaların oxu üzərində kiçik taxçalar yerlə-şir. Bu taxçalar vazalarda kül dəstələri, heyvan və quş şəkilləri ilə bəzənmişdir. Salonun xarici divardan başqa bütün qalan sahəsi isə rəsmli, ornamentli "şəbəkə" ilə işlənmişdir .

Plafon xüsusilə zəngin bəzənmişdir, ornamentli çərçivədə bit-ki aləmini ,əks etdirən şəkillər və bu fonda rəngli qanadları olan yarımçılpaq qadın fiqurları göstərilir.

Salonun belə zəngin və müxtəlif dekorasiya ilə bəzənməsi çox rəngli "şəbəkə" ilə tamamlanır və zalın fasad divarının bütün səthini tutur. Rəngli şüşələrdən düşən işıq divarlarda, döşəmədə və tavanda rənglər parlaqlığını yaradır.


Создан 09 мая 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi