İfaçı, pedaqoq, yaradıcı insan

Müəllif: Əhsən Rəhmanlı, tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru.



İfaçılıq sənətimzin ayaq tutub yeriməsində misilsiz xidmətləri olan sənətkarlar öz adlarını musiqi mədəniyyəti tarixinə yazıblar. Zəngin, həmişəyaşar, çoxjanrlı musiqimizə canı-dildən, sədaqətlə xidmət edən böyük sənət adamlarının izini tutub gələnlər, ənənələrə sadiq qalanlar da çox iş görmüş, öz sözünü demiş, zəngin fəaliyyətləri ilə musiqi xəzinəmizə öz töhfələrini vermişlər. Bu sırada xanəndələr, insturmental ifaçılar, bəstəkarlar çox dəyərli yaradıcılıq yolu keçmişlər. İnstrumental ifaçılıq sənətimizə 150 ilə yaxındır ki, daxil olan qarmon sənəti  bu günə qədər addımladıqca daim inkişaf tapıb və layiqli nümayəndələrini yetirib. Hər bir ifaçı özünəməxsus, bənzərsiz sənəti ilə qarmonu xalqımızın ruhu ilə doğmalaşdırıb, el-oba şənliklərində, toy-büsatda, konsertlərdə səsləndirərək istər solo çalğılar, istər ansambllar, müxtəlif qruplar tərkibində gözəl, qəlboxşayan ifaları ilə zövq yaratmış, xanəndələri ustalıqla müşayiət etmiş, bundan əlavə şux, oynaq rəqs havalarına meydan vermişlər. Azərbaycan qarmon sənəti bu gün də inkişafda, zənginləşməkdə, xalq tərəfindən sevilməkdə, öz ustadlarını və gənc ifaçıları yetirməkdədir. Belə ustad qarmonçalanlar Bakıda və Azərbaycanın hər yerində fəaliyətdədirlər. Şəki də bütün dövrlərdə öz mahirlərini, ustadlarını yetirib. Elə isə onlardan biri haqqında söhbət açaq.

Zair Veysəl oğlu Mustafayev 1949-cu il iyunun 1-də füsünkar gözəlliyi ilə seçilən, qədim tarixə malik olan, dünya xalqlarını heyran qoyan Şəki şəhərində doğulub. Əvvəl dünyaya göz açdığı məhəllədə, boy atdıqca doğma şəhərin hər yerində gəzib dolanıb, qaçıb yürüyüb. Bu gözəl məkanın hər qarışı, gözəlliyi, tarixiliyi onun beyninə, zehninə, fikir və düşüncəsinə hopub, qəlbində nəğmələrə dönüb, dilində şirin-şirin səslənib və sonralar həyatının zəngin, ətirli musiqi çələnginə çevrilib. O, maraqlı, zəhmət dolu həyat və yaradıcı ömür yaşayıb. Elə bu oçerki oxuyan hər bir kəs üçün fikirlərimiz öz təsdiqini tapacaqdır.

Zair doğma şəhərdəki 11 saylı ümümtəhsil məktəbdə VIII sinfi bitirib və 1968-ci ildə Şəki Pedaqoji Məktəbini yüksək nailiyyətlə başa vurub. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib.

Qeyd olunmalıdır ki, Zair uşaqlıq çağlarndan istedadı ilə yaşıdlarından seçilir, qohum-qonşuların, məktəb kollektivinin nəzər-diqqətini cəlb edirdi. O, yaxşı qarmon çalırdı. Qarmon çalmağı özü öyrənmişdi. Təbii ki, bu işdə aşıb-daşan istedadı, sonsuz həvəsi, musiqiyə böyük marağı və inadkarlığı ona stimul vermişdi. Az vaxtda çox şeyi mənimsəmişdi, Şəki toylarından radiodan, qrammafon vallarından eşitdiyi, televiziyadan seyr edib dinlədiyi bütün qarmon ifaları onun üçün tədris vəsaiti, örnək, nümunə idi. Z.Mustafayev Teyyub Dəmirov (1908-1970), Məmmədağa Ağayev (1919-1982), Qızxanım Dadaşova (1925-1967), Abbas Abbasov (1924-1997), İsfəndiyar Coşqun (1929-1991), Zakir Mirzəyev, Avtandil İsrafilov, Həmid Haqverdiyev (1947-1980) və başqa qarmonçalanların ifalarından layiqincə bəhrələnmişdi. Bütün bunlardan əlavə o, Zakir və Avtandilin maqnitofon lentlərinə toplanmış ifalarına daha dərin maraq və məhəbbətlə yanaşmış, çox dinləmiş və belə sənətkarların texniki imkanlı, o dövr üçün müasir səpgilərini, yeni üslubu çox gözəl mənimsəmişdi. Azərbaycan qarmon sənətinin zənginçalarlı, ecazkar səsi, təsirli ifa forması, məxsusi texniki üslubu, tembr xüsusiyyətləri, xalq çalğı alətləri ilə uyuşması, həmahəng səslənməsi, bu alətlə muğamların bər-bəzəklərlə, melizmlə ifası ağlı kəsəndən Zairi özünə cəlb etmişdi. Mükəmməl sənət aləminə qədəm qoyandan, bu işdə özünü dərk edəndən, tanıyandan, müəyyən arxayınlıq tapan andan, Z.Mustafyev Azərbaycan qamonuna məxsus bütün elementləri, incəlikləri, dəyərləri öz ifasına, üslubuna qataraq həqiqi sənət yoluna çıxdı.

Zairin daxilində bir sənət qığılcımı var idi, sonra alova dönərək öz işığını hər yerə yaydı, ətrafına pərəstişkarlar, sənətsevərlər topladı və musiqi aləmində öz yerini təyin elədi.

Yalnız müntəzəm ev məşqləri deyil, oxudu məktəbdə, texnikimda, mədəniyyət evində keçirilən konsertlərdə ansambl tərkibindəki çıxışı və solo ifaları onu andan-ana, gündən-günə inkişafa, yüksəlişə aparır və peşəkar sənətə hazırlayırdı. Şəkinin tanınan müğənni və instrumental ifaçıları, mədəniyyət işçiləri Zair haqqında səmimi fikirlər bildirir, tərifli, ürək sözləri söyləyir və onun gələcəyinə böyük ümidlər bəslədiklərini dilə gətirirdilər.

Z.Mustafayev 1966-1970-ci illərdə Şəki şəhər Mədəniyyət Evində, Pioner və Məktəblilər Evində (hazırda Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi) qarmon dərnəyinin rəhbəri olmuşdur. O, 1975-1981-ci illərdə Şəki İpək Kombinatında mühəndis-memar işləmişdir. Bakıda təhsil alıb qayıdandan sonra, bu işdə çalışmağına baxmayar, Şəkidə o, daha geniş, əhatəli ifaçılıq fəaliyyəti ilə məşğul olurdu. Konsertlərdə, toylarda çıxışlar necə gözəl, rəngarəng, ürəkaçan, dəyərli və insanlara sevinc bağışlayan idi. Qarmon ifaçılığı maddi, mənəvi dayaq olmaqla bərabər, həmdə ona dost-tanış qazandırmış, böyük nüfuz gətirmişdi.

“Zirvə” instrumental ansamblda çalışmağı Z.Mustafayevə nəinki Şəkidə, hətta regionda, Azərbaycanın çox yerlərində ifaçılıq bacarığını, yaradıcılığını, sənət istəklərini həyata keçirmək üçün münbit şərait və imkan yaratmışdı. Təbii ki, ansambl üzvlərinin gənclərdən ibarət olması, yeni repertuar, müasir səpgi və bütünlükdə isə cavanlıq eşqi ilə yaşayıb-yaratmaq mühüm rol oynayırdı. Ümumiyyətlə Z.Mustafayev yalnız solist kimi deyil, əsl ansambl musiqiçisi kimi yetişmişdir. Bu bir faktdır ki, ansambl, orkestr musiqiçisi kimi çalışmaq solist olmaqdan çətindir.

Zair müəllimin xatirələrindən: “1961-ci ilin yazında, bir gün anamla günorta vaxtı dayımgilə qonaq getmişdik. Dayım Adışirin məşhur zurnaçalan Ələfsər Şəkilinin xalası oğlu, həm də onun dəstəsində kosvuran (böyük nağaranı çalan) idi. Biz eyvana daxil olduğumuz zaman dirəkdəki radiodan qarmonda muğam ifası səslənirdi (sonralar bildim ki, həmin muğam Məmmədağa Ağayevin çaldığı “Orta Segah” imiş). Dayımla anam evdə söhbət edir, mən isə dirəyə söykənib muğamı dinləyirdim və gözlərim yaşarmışdı. Bu an dayım məni çağırdı və gözlərimin yaşını görüb soruşdu: - A bala niyə ağlayırsan?” Mən də cavab verdim ki, həm muğam xoşuma gəldi, həm də yadıma düşdü ki, istəyirəm qamonum olsun, lakin onu mənə almırlar... O, anama məzəmmətlə dilləndi:-A bacı, görürsünüz ki, uşağın həvəsi var, ona qarmon alın da...”

Zair bir gün məktəbdən evə gələndə çarpayının altında iri karton qutu görür, ona çox maraqlı gəldiyi üçün qonaqlara “xoşgəldin” deməyi unudur.Tezcə qutunu oradan çıxarıb qarmonu götürür. Həyətə keçib oturub çalır, bir şey alınmır, bir neçə saatdan sonra atasına deyir ki, istəmirəm, qarmonu aparıb qaytarın. Çünki təsadüfü, əlaqəsiz səslər onun başına düşərək, küsdürüb yormuşdu. Yəni qarmondan səs çıxarmağı bacarsa da, bu səsləri bir-biri ilə əlaqələndirib ortaya bir şey çıxara bilmirdi. Lakin ata Zairin dediyini etmir, qarmonu aparıb dükana qaytarmır. Səhəri gün məktəbdən sonra Zair yenə qarmonu qucağına alır, hey dartışdırsa da, çala bilmir. Üçünçü gün uşaq bu yarımtonsuz, bircərgəli qarmonda, istədiyi səslərə alışaraq “Sudan gələn sürməli qız” folklor mahnısını imitasiya edir. Təbii ki, sevincin həddi-hüdudu olmur və öyrəndiyi bu kiçik, sadə quruluşlu, ardıcıl səslərə nizamlanmış mahnı ona sonrakı günlərdə öyrənəcəyi xalq havaları, mahnılar üçün acar olur, həvəs oyadır, özünəinam bəxş edir və arxayınlıq yaradır. Bu anlardan sonra onun üçün xromatik “Kazan” qarmon alınır.

Zairin fikirlərindən: “1966-cı il idi. Artıq mən çoxlu mahnılar və oyun havaları öyrənmişdim, muğamlardan da azca baş çıxarırdım. İstəyirdim ki, məni geniş auditoriya dinləsin. Ona görə də anama dedim ki, məni öz xalası nəvəsi, tarzən və rəssam İsmayıl Tağıoğlunun yanına aparıb, ona tanıtsın. Belə də oldu. İsmayıl mənim çalğımı dinlədi və bəyəndi. Sonra onunla 3 ildən artıq birlikdə çalışdıq”.

1976-cı ildə Şəkidə baxış-müsabiqə keçirilirdi. Münsiflər heyətinin tərkibində görkəmli aktyor, xalq artisti Məlik Dadaşov, Şəki rayon PK-nın II katibi Ənvər Nəzərli də var idi. Z.Mustafayev orada özünün bəstələdiyi rəqs havasını da ifa etmişdi. Melodiya çoxunun və həmçinin M.Dadaşovun da xoşuna gəlmişdi.O, Zairə melodiyanın adını “Şəki rəqsi” qoymasını tövsiyə etmişdi. Zair həmin fikri bəyənmişdi. Zairin 1999-cu ildə araya-ərsəyə gələn məcmuəsində öz yerini tutan “Şəki rəqsi” elə həmin havadır.

Z.Mustafayev üzvü olduğu ansamblların tərkibində 1968, 1971, 1972 və 1978-ci ildə SSRİ məkanında keçirilən baxış-müsabiqələrdə, konsertlərdə , 1995-1996-cı illərdə Türkiyədə düzənlənən festivallarda işrirak edərək fəxri fərmanlar, diplomlar almışdır. O, 1971-1973-cü illərdə Politexnik İnstitutda tarzən, dirijor, bəstəkar Nəriman Əzimovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının qarmonçalanı kimi, tədris müəssisəsinin özündə və digər yerlərdə keçirilən tədbirlərdə, bayram konsertlərində, televiziya çıxışlarında olmuş və geniş auditoriyada tanınmışdır. Z.Mustafayev təhsil aldığı ali məktəbin ansamblı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Taş Pİ-71” festivalında, 1972-ci ildə SSRİ-nin 50 illiyinə həsr olunmuş Ümumittifaq Televiziya Füstivalında uğurlu çıxışların iştirakçısı olmuşdur. Bu konsertlər o zaman mərkəzi televiziya vasitəsilə SSRİ-nin ucqarlarında qədər hər yerə yayımlanmışdı. Ali məktəbdə o, görkəmli xoreoqraf, rəqs sənətimizin nadir incisi və dərin bilicisi Əlibaba Abdullayevin (1915-1980) rəhbərlik etdiyi tələbələrdən ibarət özfəaliyyət rəqs ansamblının da qarmonçalanı idi, müntəzəm məşqlərdə olur və konsertlərdə əsl müşayiətçi kimi özünü doğruldurdu. Z.Mustafayev institutun rəqs və xalq çalğı alətləri ansambllarının tərkibində 1972-ci ildə Sovet dövlətinin kosmonaftlarını hazırlayan Bauman adına Moskva Ali Texniki Məktəbdə (MVTU) verilən möhtəşəm konsertin də iştirakçısı olmuşdur.

Haşiyə: “Musiqiçi, tədqiqatçı və bu oçerkin müəllifi kimi bir məsələ üzərində dayanmaq istərdim. 1970-ci ildə televiziya ilə axşam verilən bir konserti dinləyirdim. Bu, Politexnik İnstitutun ansmblının konserti idi. O dövrün tələblərinə əsasən ansambl konserti muğam dəramədilə açdı. Bu “Çahargah” dəramədi idi. Ansambl melodiyanın “Müxalif” şöbəsinə keçiddə qarmonçalan çox maraqlı, təsirli, texniki imkanlar və melodik baxımdan gözəl solo ifa etdi. Bu ifa məni tutdu, çox bəyəndim. Sən demə bu konsertə çoxları tamaşa edirmiş və tamaşaçıların hamısında maraq oyadıbmış. Axı, o zaman yalnız AzTV var idi, odur ki, hamı eyni televiziyanı izləyirdi. Səhəri gün məni görən qohum, qonşu, tanış-biliş, gənc musiqiçi yoldaşlarım həmin qarmonçalanın ifasından söz salır, məndən bu ifaçının kimi olması barədə bilgi almaq istəyirdilər. Mən onu tanımadığımı, özünü və ifasını ilk dəfə gördüyümü bildirirdim. Uzun illər sonra institut anasamblının tərkibində solo ifa edən qarmoçalanın Şəkidə yaşayan Zair Mustafayev olduğunu bildim.

II fakt da var. Son dövlərdə tanış olduğum, fəaliyyəti haqqında “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi” adlı kitabımda məlumat verdiyim Fəxrəddin İbadovun müsahibəsindən: “Mən Politexnik İnstitutu bitirmişəm. İnstitut ansamblının televiziya konsertini izləyərkən oradakı qarmonçalanın solosu məni ovsunladı və necə valeh etdisə, mən qarmon sənətinə vuruldum və bu ifaçılığa gəldim”.

Z.Mustafayev 1978-1980-ci illərdə “Zirvə” xalq instrumental ansambl ilə Şəkidə, ətraf yerlərdə, Azərbaycan televiziyasının “Gənclik estradası” adlı verilişində müntəzəm cıxış etmiş və qalib olmuşdur.

1993-cü il noyabrın 3-də Şəkidə Ələsgər Abdullayevin (Şəkili Ələsgər) xatirəsinə həsr olunmuş festival keçirilirdi. Bakıdan bura adlı-sanlı muğam ustalarından gənc ifaçılara qədər böyük bir heyət gəlmişdi. Z.Mustafayev həmin tədbir üçün “Rahab” muğamını hazırlamış və ustad xanəndənin xatirəsinə həsr etmək istəmişdi. Belə ki, ustad xanəndə Şəkili Ələsgər (1866-1929) XX əsrin əvvəllərində qrammafon valları üçün bənzərsiz “Rahab” oxuyub. 

Zair öz  çıxışına qədər olan qısa zaman ərzində səhnə arxasında, harada imkan varsa, orada “Rahab” üzərində məşq edirdi. Bu qədər muğam ifaçıları arasında bir qarmonçalanın çıxışı necə olacaq, necə təsir bağışlayacaq, hansı münasibətlə qarşılanacaq kimin üçün maraq dairəsinə daxil idisə, kimlər tərəfindənsə etinasızlıq var idi. 

Zairin söylədiklərindən: “Həhayət mənim çıxışım elan olundu. Bu zaman səhnənin kulisləri tərəfdə heç kəs yox idi. Mən “Rahabı” bütün şöbələrilə - “Əmiri”, “Rahab”, Şikəsteyi-fars”, “Mübərriqə”, “Əraq”, “Qərai”, “Məsihi” və “Rahaba ayaq (muğama sonluq)” verib səhnədən çıxmaq istədikdə, ustad xanəndə, xalq artisti Arif Babayev və böyük bir qrupdan ibarət sənətkarların səhnə girişinə toplanaraq məni dinlədiklərinin şahidi oldum. Arif müəllim mənə əl verərək: -Sağ ol, ay qardaş, qarmonu belə çalarlar-deməsi məni fərəhləndirdi. Təbii ki,mən də öz növbəmdə bu böyük xanəndəyə təşəkkürümü bildirdim”.

Konsertdən sonra aparıcı Vaqif Kərimov Zair müəllimə belə bir məsələni danışmışdı ki, münsiflərdə əyləşən ustad xanəndə, əməkdar müəllim Nəriman Əliyev (1930-1998) “Rahab” oxumalı idi. O, deyib ki, bu oğlan “Rahabı” həm çaldı, həm də oxudu, daha mənim çıxışıma ehtiyac yoxdur. 

Zair müəllimin xatirələrindən: “Dəyərli insan, böyük bəstəkar Süleyman Ələsgərov 1999-cu ilin xoş günlərinin birində bizdə qonaq idi. Nahardan sonra istirahət edərkən, 1992-ci ildə Şəki şəhərində çaldığım toylardan birinin kasetinə tamaşa etdik. Orada “Segah” ifam da var. Süleyman müəllim mənim ifamı diqqətlə dinləyir, bəzən də başını tərpədirdi. Bu məni həyəcanlandırmaqla bərabər, böyük bir musiqi xadiminin verdiyi dəyər olduğu üçün sevindirirdi”.

Haşiyə: “Məqalə müəllifi, qarmon sənətinin tədqqatçısı kimi bildirirəm ki, Zair sıradan bir musiqiçi deyil, çox böyük sənətkardır. Mən onun ifalarını İnternetin “Youtub” proqramı vasitəsilə dinləmiş, araşdırmış, bəyənmiş, böyük zövq almış və dəyərlənidirmişəm. Onun bütün ifalarında qarmon sənətinə xas xüsusiyyətlər, bədii boyalar, incə zövqlü nüanslar, dərin hiss və duyğular, yüksək texniki imkan, bər-bəzəkli, naxışlı, şirin xallar, melizmlər, barmaq oynatmaları, qrifdə sərbəst gəzişmək, maraqlı improvizələr, forte-piano, böyük təsir gücünə malik səslənmə və ümumiyyətlə bütövlük var. Keçmiş və müasir qarmon ifaçılığına aid nə varsa, Zairin ifasında özünü ehtiva edir. Onun ürəkli çalğısında “Baytaı-Şiraz” da, “Segah” da, “Hümayun” da doğru, düzgün, zəngin boyalarla öz özünü göstərir və dinləyiciyə zövq bəxş edir”.

Z.Mustfayev musiqidə yalnız ifaçı kimi deyil, qarmonun tədrisində də seçilmiş, mühüm işlər görmüş, yaxşı tələbələr yetişdirmiş və dərs vəsaitləri hazırlayıb ortaya qoymuşdur. O, 1980-ci ildən Şəki Musiqi Kollecində qarmon ixtisası üzrə dərs deyir.

1999-cu ildə Sumqayıt Musiqi Texnikumunun, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Natiq Rəsulov (1952-2000) ona xalq rəqs havalarını nota köçürüb məcmuə halında nəşr etdirməyi töcsiyə edir. Zair müəllim əvvəl tərəddüd etsə də, razılaşır. Bir neçə aylıq gərgin işlərdən sonra Z.Mustafayevin onu xalq rəqs havalarından, beşi isə özünün bəstələdiyi melodiyalardan iarət “Azərbaycan xalq rəqsləri” adlı məcmuə N.Rəsulovun redaktorluğu ilə qarmon ixtisası üçün dərs vəsaiti kimi çap olunaraq ölkəmizdə yayılmışdır. Məcmuəyə görkəmli bəstəkar, xalq artisti, professor Süleyman Ələsgərov (1924-2000) ön söz yazmışdır. Məcmuə çap olunandan sonra onunla tanış olan, Sankt-Peterburq Pedaqoji Akademiyasının professoru, elmlər doktoru, Şəki torpağının yetirməsi Faiq Çələbi “Xalq” və “Şəki” qəzetlərində “Gərəkli məcmuə” adlı məqalə ilə fikir bildirmiş və çox yüksək dəyər vermişdir. Zair müəllimin bu işi qarmon ifaçılığı sənətində və onun tədrisində nadir hadisə idi. Belə ki, o zamana qədər heç bir qarmon ifaçısı özü öz bəstələrini nota köçürüb vəsait halına gətirməmişdi. Buna qədər qarmonçalanların bəstələrinin nəşr olunan məcmuələri bunlardır:

1. Məmmədağa Ağayev “10 rəqs”. Bakı, 1960, fortepiano üçün işləyəni T. Quluyev.

2. Teyyub Dəmirov “Rənglər və rəqslər”. Bakı, 1961, fortepiano üçün işləyəni R.Rüstəmov.

2007-ci ildə Z.Mustafayev yeni bir layihə üzərində işləməyə başlayır. Məşhur  qarmon ifaçısı, xalq artisti Avtandil İsrafilovun yaratdığı və ifa edib qrammafon vallarına, radio fonduna, disklərə yazdırdığı rəqs melodiyalarını nota almaq qərarına gəlir. On beş melodiyanın əl yazması hazır olandan sonra Zair müəllim A.İsrafilovun mənzilinə gəlib onunla görüşərək fikir mübadiləsi aparır və yazdığı notları qarmonda ifa edərək onun müsbət rəyini, razılığını alır.

Bu işlə bağlı Zair müəllim  yeddi ay əvvəl kompüterdə not yazmaq üçün proqramı da öyrənir. Onun “Avtandil İsrafilov-Rəqslər” məcmuəsi 2012-ci ildə işıq üzü görür və “Space” telekanalının “Virtuoz” proqramının 9 may yayımında təqdim olunur.

İfaçılığı ərzində Z.Mustafayev adlı-sanlı, şöhrətli müğənniləri, musiqiçiləri müşayiət etmişdir. Bu sırada Polad Bülbüloğlu, Mirzə Babayev, Ələfsər Şəkili, İslam Rzayev, Flora Kərimova, Baba Mahmudoğlu, Firuzə İbadova, Eyvaz Həsənov, Təranə Vəlizadə, Alim Qasımov, Zaur Rzayev, Məmmədbağır Bağırzadə, Natiq Nuruyev, Zöhrə Abdullayeva, Aygün Bayramova, Könül Xasıyeva, Aybəniz Haşımova, Gülyanaq və Gülyaz Məmmədovalar, Nüşabə Ələsgərli, Aygün Bəylər, Almaz Ələsgərli, Röya, Nadir Qafarzadə və başqalarını göstərə bilərik. 

Z.Mustafyev yaradıcı sənətkardır. Onun 20-ə qədər melodiyası vardır. Bunların hər biri xalq musiqimizdən qidalanan, muğamlardan qaynaqlanan, istedadlı bir soydaşımızın sənət çeşməsindən süzülüb gələn, ecazkar Azərbaycan qarmon sənətinin zənginliklərini özündə əsk etdirən, ruhumuzla doğmalaşan musiqi nümunələridir. O, hələ də çalışmaqda, axtarışlarda, arayıb tapdıqlarını öz yaradıcılıq süzgəcindən keçirməkdə, üzərində dərindən düşünüb-daşınıb son, doğru məxrəcə gələrək müsiqi ictimaiyyətinə təqdim etmək əzmindədir. Arzular, ümidlər, istəklər çoxdur, hələ çox şey üzərində işləmək və nailiyyətlər etmək mümkündür. Və Z.Mustafayevin bütün bunlara xidmət etməyə, geniş yaradıcılıq  fəaliyyətinə baş vurmağa, qarmon ixtisasının inkişafına, yeni vəsaitlər hazırlayıb ortaya qoymağa, ifaçılığa öz töhfəsini verməyə potensial imkanı, həvəsi və qüdrəti vardır. Çox güman ki, neçə illərdir üzərində işləyib çapa hazıladığı əsərləri yaxın zamanlarda görəcəyik. Yaşının bu müdrik, ömrün samballı, ləngərli vaxtında onun sönməyən, billurlaşan istedadı, işgüzarlığı və zəhmətsevərliyi ona yaradıcılıq işlərini davam etməyə imkan verir,  təki Allah izn versin.

Zair müəllim çoxdan gözlədiyimiz çon dərəcə böyük əhəmiyyətə malik bir işi yekunlaşdıraraq çapa hazırlayır. Bu “Fortepiano ilə qarmon üçün pyeslər məcmuəsidir. Məcmuəyə 7 pyes və 1 etüd daxildir. Maraqlı burasıdır ki, bu əsərlərin hər biri Z.Mustafayevin qarmon üçün bəstələyib hazırladığıdır. Fortepiano partiyalarını da o özü işləmişdir. Bütün bu işlər bir daha onun geniş yaradıcılığa malik olmasından, sənətə sevgili münasibətindən, qarmon ixtisasına sıx bağlılığından və peşə vurğunluğundan xəbər verir. Ali və orta ixtisas tədris ocaqları, uşaq musiqi və incəsənət məktəbləri nəzərdə tutulan məcmuə “Qoşa çinar” adlanır. Oradakı əsərlər bunlardır: “Qoşa çinar” (yalnız əsərin özü, II variant muğam ifası ilə), “Əsgəri” – marş tempində, həm muğam ifası ilə, həm də muğamsız), “Mənzərə”, “Rəqs-kompozisiya”, “Yağış”, “İpək yolu”, “Könül nəğməsi” və “Etüd”.

O da qeyd olunmalıdır ki, “Qoşa çinar” və “Əsgəri” Z.Mustafayevin ifasında, 1992-ci ildə Azərbaycan milli radiosunun fonduna qəbul olunmuş, müəyyən müddət ərzində konsert proqramlarına daxil edilərək dinləyici ixtiyarına verilmişdir. Göründüyü kimi, müəllif indi onları notlaşdırıb fortepiano müşayiəti ilə işləyərək tədris üçün hazırlamışdır. Zair “Qoşa çinar”ı 2016-cı ildə Şəkidə, Karvansarada keçirilən tədbirdə xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və onun ətrafındakılar üçün ifa etdikdə, böyük marağa səbəb olmuşdu. 2018-ci ildə Şəkinin “Marxal” istirahət zonasında xarici ölkələrdən dəvət olunmuş musiqişünas, sənətşünas alimlərin, jurnalistlərin iştirakı ilə keçirilən simpoziumda Zair müəllim daha bir maraqlı işi ortaya qoymuşdu. O, özünün “İpək yolu” instrumental əsərinin not və kömpüterlı səslənmə variantını tədbir iştirakçılarına təqdim etmiş və alqışlar qazanmışdı.

Haşiyə: ”Mən bu əsəri diqqətlə dinlədim, ruhumu oynatdı, hisslərimə toxundu, həqiqətən öz zəngin çalarları, melodik quruluşu, məqam imkanları və digər xüsusiyyətləri ilə musiqiçi kimi məni tam qane etdi. Həqiqətən əla əsərdir, kömpüter proqramı ilə yazılıb. Bu ifa, bu əsər dünya səhnələrində, festivallarda səslənərək uğur qazana və müəllifə böyük şöhrət gətirə bilər. Burada yüksək peşəkarlıq və bəstəkarlıq işi var”.

Z.Mustafayev Bakıda qarmon sənətilə bağlı keçirdiyimiz tədbirlərə imkan daxilində qatılır, fikir bildirir. Nümunə kimi 06.11.2017-ci ildə, xalq artisti Ənvər Sadıqovun “Renever” studiyasında virtuoz qarmonçalan, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar artist Zakir Mirzənin 75 illk yubileyi və Ə.Rəhmanlının onun haqqında yazdığı “Zakir Mirzə zirvəsi-75 il bəhrəsi” adlı kitabın təqdimetmə mərasimini göstərə bilərik. Bu tədbirdə Zair müəllimin təbrik nitqi də xüsusi məna çalarları bəxş elədi. Son zamanlar səhhətində yaranan problemlər ona hər dəfə Bakıya gəlməyə imkan verməsə də, telefon vasitəsilə əlaqə yaradaraq məlumat alır, öz təbriklərini göndərir, fikir və tövsiyərini bildirir. O, qarmon sənətinin ustadı, ağsaqqalı, əsl nümayəndəsi kimi bu ifaçılıq sənətinin keşiyindədir.



Создан 27 фев 2019



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi