ŞƏKİDƏ "İPƏK YOLU" III BEYNƏLXALQ MUSİQİ FESTİVALI KEÇİRİLMİŞDİR

30.06.2012 - 04.07.2012



 

 

İyunun 30-da Şəki şəhərində “İpək Yolu” III Beynəlxalq musiqi festivalının açılış mərasimi olmuşdur.

 

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən musiqi bayramında Türkiyə, Gürcüstan, İran və Koreya Respublikasının, eləcə də Azərbaycanın milli musiqi, folklor və teatr kollektivləri çıxış edəcəklər.

İyulun 4-dək davam edəcək festivalın ilk günündə Şəki xanları sarayının həyətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış “Arşın malçı İpək Yolunda” musiqili hekayət-tamaşa nümayiş etdirilmişdir.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək zəngin tarixə, qədim dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə malik olan Şəki şəhərində növbəti “İpək Yolu” Beynəlxalq musiqi festivalının keçirilməsini ölkənin mədəni həyatında mühüm hadisə kimi dəyərləndirmişlər.

Qeyd olunmuşdur ki, artıq üçüncü dəfədir keçirilən “İpək Yolu” Beynəlxalq musiqi festivalının öz yolunu yenidən Şəki şəhərindən salmasının önəmli səbəbləri vardır. Məlum olduğu kimi, Şəki şəhəri 2012-ci ildə TÜRKSOY-un qərarı ilə “Türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı” elan edilmişdir. Eyni zamanda, 2012-ci ildə Azərbaycan və dünya memarlığının nadir incisi hesab olunan Şəki xanları sarayının 250 illik yubileyi də qeyd edilir. “Xan sarayı”nın yubileyinin Beynəlxalq musiqi festivalı günlərində qeyd olunması respublikamız üçün çox əlamətdar hadisədir.

Bildirilmişdir ki, festivalın əsas qayəsinə uyğun olaraq, bu dəfə konsertlər memarlıq abidələrinin fonunda, “Xan sarayı”, Yuxarı və Aşağı karvansaraylar, “Cənnət bağı” kimi tarixi məkanlarda keçiriləcəkdir. Təbii ki, burada müxtəlif ölkələrin milli musiqisi müxtəlif folklor alətlərinin, milli geyimlərin, qədim ornamentlərin nümayişi ilə, tarixi-memarlıq abidələrinin ecazkar ab-havası ilə qovuşacaqdır.

Festivalın açılışı günündə tamaşaçılara təqdim olunan kompozisiyada əsərin qəhrəmanları – arşın malçı cildinə girmiş tacir Əsgər və gözəl bəy qızı Gülçöhrə, hazırcavab Asya və tədbirli Süleyman bəy, ahıl yaşlarında bir-birinə bənd olan Soltan bəy və Cahan xala, məzəli və sadiq nökərlər Telli və Vəlinin məhəbbət sərgüzəştləri operettanın ölməz musiqisi ilə yanaşı, milli xalq rəqsləri və mahnıları fonunda cərəyan edir. Bütün musiqili hekayətin birləşdirici məqamı isə, şübhəsiz ki, arşın malçının məşhur mahnısı olmuşdur.

Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşanın dirijoru və xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, baletmeysteri Xalq Artisti Mədinə Əliyevadır.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərindən Gülüstan Əliyeva, Fərid Əliyev, Afaq Abbasova, Məhsəti Cabbarova və digər ifaçıların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

 

 

 

FİRƏNGİZ ƏLİZADƏ: "İPƏK YOLU" FESTİVALI GÖZƏL BİR MUSİQİ BAYRAMI OLACAQDIR

 

Zənn edirəm ki, “İpək Yolu” festivalı gözəl bir musiqi bayramı olacaqdır.

Bu sözləri Şəkidə keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, UNESCO-nun sülh naminə incəsənət xadimi Firəngiz Əlizadə demişdir.

F.Əlizadə bildirmişdir ki, festivalın yenidən öz yolunu Şəki şəhərindən salması sevindirici haldır. Festivalın açılışı üçün xüsusi layihə hazırlanmışdır. Şəki xanları sarayının qoynunda maraqlı musiqili kompozisiyanı– dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bütün dünyada məşhurlaşmış əsəri əsasında hazırlanmış “Arşın malçı İpək Yolunda” tamaşasını izlədik. Ümidvarıq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının, Azərbaycan Dövlət Filarmoniyasının Fikrət Əmirov adına Dövlət mahnı və rəqs ansamblının, habelə xalq çalğı alətləri orkestrinin iştirakı ilə baş tutan bu qeyri-adi tamaşa parlaq təəssüratlarla yadda qalacaqdır.

Festivalın bədii rəhbəri demişdir: “Biz dünyanın bir çox ölkələrindən qonaqlar gözləyirik. Festivala məşhur musiqi kollektivləri təşrif buyuracaqlar. Gürcüstandan “Erisioni”, İrandan “Acəmlər”, Koreya Respublikasından “Buyoqun Cunqnam”, Türkiyədən “Əl-Kindi” ansambllarının, eləcə də Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun şəhərindən folklor ansamblının konsertləri tamaşaçılara böyük zövq verəcəkdir.

Həmişə olduğu kimi, bu dəfə də azərbaycanlı musiqiçilərin çıxışları festivalı bəzəyəcəkdir. Cabbar Qaryağdı adına muğam üçlüyünün, Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestrinin və Cahangir Cahangirov adına xor kollektivlərinin konsertləri, habelə Şəki şəhərinin musiqi kollecinin tələbələri üçün görkəmli musiqiçilərin ustad dərsləri təşkil olunacaqdır. Festival çərçivəsində, həmçinin Azərbaycan bəstəkarlarının iki yeni əsərinin premyerası da gözlənilir”. 

 

 

CƏNUBİ KOREYA MİLLİ ALƏTLƏR ANSAMBLININ ÇIXIŞI MARAQLA QARŞILANMIŞDIR 

 

Şəkidə keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 1-də Cənubi Koreyanın “Buyoqun Cunqnam” milli alətlər ansamblının konserti olmuşdur.

“Çələbixan” sarayında keçirilən tədbirdə festivalın təşkilat komitəsinin rəhbərləri, üzvləri, ziyalılar, sənət adamları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak etmişlər.

Ansamblın rəhbəri Lee Guq Do əvvəlcə konsertdə ifa olunacaq milli musiqi alətləri barədə məlumat vermişdir.

Lee Guq Donun piri (nəfəs aləti), Oh Younq Jinin isə zərb alətlərində ifa etdikləri melodiyalar, “kayaqim” milli musiqi alətinin ifaçısı və vokalçı Ko Ae-Limin məlahətli səsi, rəqqasə Kim Bo Younqun milli rəqsləri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanmışdır.

Qeyd edək ki, Cənubi Koreyanın Cunqnam şəhər əhalisinin geniş rəğbətini qazanmış bu ansambl 1994-cü ildə yaradılmışdır. “Buyoqun Cunqnam” ansamblının iştirakı ilə hər il yüzdən artıq yüksək səviyyəli konsertlər təşkil olunur. Bu konsertlərdə Koreya milli musiqisinin nümunələri təqdim olunur. Cunqnam şəhərində qədim dövrlərə aid milli musiqi ənənələri bu gün də qorunub saxlanmaqdadır. Kollektiv milliliyi özündə əks etdirərək bütün dünyada tamaşaçıları heyran edəcək fərqli musiqi təqdim edir. Ansamblın ifaçılarının qəlbi və ruhu yeni musiqinin yaradılmasına, bu musiqini yeni tərzdə ifa etməklə onu dünya səviyyəsinə yüksəltməyə yönəlmişdir. 

 

 

FESTİVAL ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN MUĞAM ÜÇLÜYÜNÜN KONSERTİ OLMUŞDUR 

 

Cabbar Qaryağdı oğlu adına Azərbaycan muğam üçlüyü “İpək Yolu” III Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 1-də Şəki şəhərindəki “Çələbixan” sarayında maraqlı konsert proqramı ilə çıxış etmişdir.

Konsertdə Xalq Artisti Mələkxanım Əyyubovanın Möhlət Müslümov və Fəxrəddin Dadaşovun müşayiəti ilə ifa etdiyi muğam və xalq mahnıları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanmışdır.

Qeyd edək ki, 1984-cü ildə birinci muğam müsabiqəsinin qalibi olmuş C. Qaryağdı oğlu adına muğam üçlüyü fəaliyyətini bu gündə uğurla davam etdirir. Üçlüyün yaradıcıları Xalq artistləri Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança) Azərbaycanın tanınmış ustad və gənc xanəndələri ilə birlikdə respublikamızda, eləcə də bir çox xarici ölkələrdə konsert proqramları ilə çıxış etmiş, muğamımızı, xalq mahnılarını təbliğ etmişlər. Müxtəlif illərdə üçlüyün tərkibində xanəndələr Zahid Quliyev, Zabit Nəbizadə, Elçin Cəlilov, İrşad İbişov, Mənsum İbrahimov, Babək Niftəliyev, qadın xanəndələr Qəndab Quliyeva, Səkinə İsmayılova, Mələkxanım Əyyubova çalışmışlar.

Konsertin sonunda muğam üçlüyünə şəhər icra hakimiyyəti tərəfindən xatirə hədiyyələri təqdim olunmuşdur. 

 

 

KİM BO YOUNQ: "İPƏK YOLU” III BEYNƏLXALQ MUSİQİ FESTİVALINDA İŞTİRAK ETMƏYİMDƏN ÇOX MƏMNUNAM 

 

Azərbaycanın dilbər guşələrindən olan Şəkiyə ilk dəfədir ki, gəlirəm. Burada özümü çox rahat hiss edirəm. Çünki insanlar çox səmimi və mehribandırlar. Bu festivalında iştirak etməyimdən çox məmnunam. Bu sözləri Şəkidə keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalının iştirakçısı, Cənubi Koreyadan gəlmiş rəqqasə Kim Bo Younq demişdir.

Konsertdə Koreya milli musiqisinin, Şərq rəqsinin elementlərini təqdim etdiyini vurğulayan Kim Bo Younq daha sonra demişdir: “Bilirəm ki, azərbaycanlı rəqqaslar da milli rəqslərə üstünlük verirlər. Güman edirəm ki, tamaşaçılar çıxışımı bəyəndilər. Bunu alqışlardan hiss etdim. Ölkəniz çox gözəldir. Azərbaycana yenə gəlmək arzusundayam”. 

 

 

AZƏRBAYCAN MUĞAM ÜÇLÜYÜNÜN ÜZVLƏRİ USTAD DƏRSLƏRİ KEÇMİŞLƏR 

 

İyulun 2-də Şəki Musiqi Kollecinin konsert zalında “İpək Yolu” III Beynəlxalq musiqi festivalı çərçivəsində Cabbar Qaryağdıoğlu adına Azərbaycan muğam üçlüyünün üzvləri-Xalq Artistləri Möhlət Müslümov, Fəxrəddin Dadaşov və Mələkxanım Əyyubova kollecin şagirdlərinə ustad dərsləri keçmişlər.

Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) üzvlərinin və festivala qatılmış xarici ölkə musiqiçilərinin də iştirak etdikləri tədbirdə əvvəlcə kollecin kollektivi konsert proqramı ilə çıxış etmişdir. Orkestr və xorun ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertura”, “Çənlibel xoru” və digər əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə 2010-cu ildə keçirilmiş birinci festivaldan ötən dövr ərzində kollecin şagirdlərinin musiqi bacarığı və qabiliyyətlərinin xeyli artdığını vurğulamışdır. ABİ-nin sədri respublikanın tanınmış xalq artistlərinin iştirakı ilə keçirilən ustad dərslərinin şagirdlərin gələcək inkişafına mühüm təkan verəcəyinə əminliyini bildirmişdir.

Sonra kollecin birinci kurs tələbəsi Leyla Əliheydərli kamançada H.Rzayevin “Çahargah” rapsodiyasını, birinci kurs tələbələri Allahverdi Abdurəhimov və Xəyal Bəkirov tarda A. Dvorjakın “Slavyan rəqsi” əsərini, xanəndəlik sinfinin tələbələri Salatın Qəhrəmanova və Məlahət Mahmudova isə muğam parçaları ifa etmişlər.
İfaçıları diqqətlə dinləyən muğam üçlüyünün üzvləri şagirdlərə tövsiyələrini bildirmişlər. 

 

 

TÜRKİYƏNİN "ƏL-KİNDİ" İNSTURMENTAL ANSAMBLININ KONSERTİ MARAQLA QARŞILANMIŞDIR 

 

İyulun 2-də Şəki şəhərində keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalı çərçivəsində Türkiyənin “Əl-Kindi” instrumental ansamblının konserti olmuşdur.

XIX əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil olunan konserti ansamblın yaradıcısı və rəhbəri, ərəb sitr (qanun) alətində çalan virtuoz fransız ifaçısı Jülyen Bernard Cəlaləddin Vayss açaraq ansamblın üzvləri və musiqi alətləri barədə məlumat vermişdir.

Qeyd edilmişdir ki, 1983 cü ildə yaradılan bu ansambl orta əsr ərəb filosofu, riyaziyyatçısı, astronomu, ərəb Şərqinin ensiklopedik biliyə malik alimi, həmçinin ərəb-müsəlman musiqi nəzəriyyəsi elminin banisi Əbu Yusif əl-Kindinin şərəfinə belə adlandırılmışdır.

Ansamblın tərkibi ənənəvi Şərq “taxt-şarki” quruluşuna malik olmaqla, qanun, ud, ney, riqqa (tamburin) musiqi alətlərindən ibarətdir. Ansamblın çıxışlarında zikr mühüm ifa elementi olmaqla, ifaçının yüksək mənəvi kamillik səviyyəsinə çatmasını ifadə edir.

1953-cü ildə Parisdə anadan olmuş Jülyen Bernard Cəlaləddin Vayss öz ətrafına bir sıra görkəmli türk musiqiçilərini toplaya bilmişdir. Klassik gitara ifaçısı olan Jülyen ərəb musiqisini və qanun alətini öyrənmək üçün 1978-ci ildən Qahirə, Tunis, İstanbul, Bağdad, Beyrut, Hələb və Tehranda təhsil almışdır.

Jülyen Vayssın rəhbərliyi altında “Əl-Kindi” ansamblı 1990-cı ildən başlayaraq müxtəlif ölkələrdən olan tanınmış musiqiçilərlə birlikdə ərəb və türk dillərində dini və dünyəvi mövzularda maraqlı musiqi layihələri, kompozisiyalar hazırlayır. Jülyen Vayss öz konsert layihələrində Tunis, Dəməşq, Hələb, İstanbuldan olan məşhur ney, riqq, ud, tanbur, rübab, kamança ifaçıları ilə, o cümlədən Azərbaycandan olan tar ifaçısı Malik Mansurovla əməkdaşlıq edir.

“Əl-Kindi” ansamblı Hyu-Yorkda “Carnegia Hall” və Londonda “Kraliça Elizabet Hall” kimi dünyanın ən nüfuzlu salonlarında çıxış etmişdir.

Konsert zamanı ansamblın təqdim etdiyi dini və dünyəvi musiqi nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Sonda şəhər icra hakimiyyəti tərəfindən ansamblın üzvlərinə xatirə hədiyyəsi təqdim edilmişdir. 

 

 

"İPƏK YOLU" FESTİVALI ÇƏRÇİVƏSİNDƏ TÜRKİYƏNİN GİRESUN ŞƏHƏRİ RƏQS KOLLEKTİVİNİN ÇIXIŞI 

 

Şəkidə “İpək Yolu” III Beynəlxalq musiqi festivalı uğurla davam edir.

Festival çərçivəsində iyulun 2-də XIX əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun şəhər bələdiyyəsi konservatoriyasının rəqs qrupunun konserti olmuşdur. Kollektivin ifa etdiyi bir-birindən maraqlı folklor və rəqs nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Artıq 12 ildir ki, fəaliyyət göstərən bu kollektivin müxtəlif yaş qrupları üzrə 140-a yaxın üzvü vardır. Kollektiv dəfələrlə xarici ölkələrdə keçirilən festivallarda iştirak etmişdir. Şəki festivalından sonra rəqs qrupunun Rumıniyaya səfəri gözlənilir.

Konsertdən sonra Giresun bələdiyyəsinin nümayəndəsi Ömər Cinər çıxış edərək Şəki şəhəri ilə dostluq və qardaşlıq əlaqələrinin on ildən artıqdır ki, uğurla davam etdiyini bildirmişdir. Festivalın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Ömər Cinər, Şəki şəhəri rəhbərliyini və musiqi kollektivlərini 2013-cü ildə Giresun şəhərində keçiriləcək festivala dəvət etmişdir.

Şəki Şəhər İcra Hakimiyyəti və Giresun bələdiyyəsi tərəfindən qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunmuşdur. 

 

 

JÜLYEN VAYSS: "AZƏRBAYCAN MUSİQİSİNİ ÇOX SEVİREM" 

 

Azərbaycan musiqisini çox sevirəm. Müğənni Alim Qasımovun ifasına isə xüsusilə heyranam.

Bu sözləri Şəkidə keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalının iştirakçısı, Türkiyənin “Əl-Kindi” instrumental ansamblının rəhbəri, virtouz fransız ifaçısı Jülyen Bernard Cəlaləddin Vayss demişdir.

Konsertdə Azərbaycana da yaxın olan XV əsrə aid çox qədim bir Osmanlı musiqisini, Sultan Bəyazidin əsərini ifa etdiklərini vurğulayan Jülyen Vayss Azərbaycan, türk və ərəb musiqilərini birləşdirməyi çox sevdiyini bildirmişdir. O, türk saray musiqisi əsasında türk, azərbaycanlı və ərəb musiqiçiləri ilə “Ottoman Perfumes” adlı musiqili kompozisiya hazırladığını, proqramda Azərbaycandan olan tar ifaçısı Malik Mansurovun da iştirak etdiyini diqqətə çatdırmışdır. 

 

 

İRANIN "ACƏMLƏR" İNSTRUMENTAL QRUPUNUN ÇIXIŞI TAMAŞAÇILARIN BÖYÜK MARAĞINA SƏBƏB OLMUŞDUR 

 

“İpək Yolu” III Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 3-də XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayının həyətində İranın “Acəmlər” instrumental qrupunun konserti olmuşdur.

Konsertdən əvvəl Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadə instrumental qrupun fəaliyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, “Acəmlər” adlandırılan İran musiqiçiləri Osmanlı sultanları I Sultan Səlim və IV Sultan Murad tərəfindən XIV-XV əsrlərdə Tehran, Bağdad və digər şəhərlərdən İstanbula gətirilmişlər. Acəmlər vasitəsi ilə musiqilər, o cümlədən Səfəvi dövrünə aid bəstəkarlıq üslubunun bəzi xüsusiyyətləri Osmanlı paytaxtına ötürülmüş və həmin musiqi burada uzun müddət yaşamışdır.

“Acəmlər” ansamblı 2011-ci ildə Araş Mohafez tərəfindən keçmiş acəmlərin fars musiqi estetikasına əsaslanan repertuarını ifa etmək və lentə almaq məqsədilə yaradılmışdır. Bu layihənin əsas məramı musiqinin yalnız vaxtilə ifa olunduğu tərzdə bərpası deyil, həmçinin qədim musiqinin bədii dilini fars klassik musiqi dilinə çevirməkdən ibarətdir. Buna görə də ansambl həmin musiqinin bugünkü iranlı dinləyicilər tərəfindən dərk edilməsinə və qədim əsərlərin müasir fars klassik musiqisi repertuarına inteqrasiyasına xidmət edir.

Ansamblın rəhbəri Araş Mohafez 2011-ci ildə Bakıda keçirilən “Muğam aləmi” II Beynəlxalq muğam simpoziumunun iştirakçısı olmuşdur.

Ansamblın üzvlərindən Araş Mohafezin santur musiqi alətində, Fərid Xaradməndin bəndir və tömbək alətlərində, Behnaz Behnamnianın udda, Farşad Tavakolinin setarda, Şiva Abadinin kamançada ifa etdikləri bir-birindən maraqlı musiqi nömrələri tamaşaçıların böyük marağına səbəb olmuşdur. 

 

 

AZƏRBAYCAN TELEVİZİYASI VƏ RADİOSU XORUNUN KONSERTİ OLMUŞDUR 

 

İyulun 3-də Şəki şəhərində “İpək Yolu” III Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xorunun konserti olmuşdur.

Şəki xanları sarayının həyətində təşkil olunan konsertin tamaşaçıları arasında şəhər rəhbərliyi ilə yanaşı, Milli Məclisin deputatları, Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri, habelə festivalda iştirak edən xarici ölkələrin musiqi kollektivlərinin üzvləri də olmuşlar.

Kollektivin bədii rəhbəri və dirijoru Şəhla Ələkbərovadır. Solistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, bədii rəhbər Əməkdar Artist Zərinə Allahverdiyevadır.

Konsertdə ilk dəfə olaraq tamaşaçılara Cəlal Abbasovun qaboy, zərb alətləri və qarışıq xor üçün “Bahar mərasimi” kantatası və Məmməd Cəfərovun Yunus İmrənin və Hüseyn Cavidin sözlərinə xor, solist və orkestr üçün yazılmış 3 nömrəli kantatası təqdim olunmuşdur.

Proqrama, həmçinin Frensis Leyin “Kişi və qadın” kinofilmindən musiqi, Asəf Zeynallının “Ölkəm”, Aqşin Əlizadənin “Al çuxa”, “Bayatılar”, Frans Şubertin “Ave Mariya”, Səid Rüstəmovun “Alagöz”, Üzeyir Hacıbəylinin “Ey, Vətən!”, habelə “Aman ovçu” və “Güləbatın” xalq mahnıları daxil idi.

Azərbaycan Televiziyası və Radiosunun Xoru 1936-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmışdır. Kollektivin ilk bədii rəhbəri Cahangir Cahangirov olmuşdur. İlk dövrlərdə kollektivin repertuarı xalq mahnılarının xor üçün işləmələrindən ibarət idi. İndi isə xorun repertuarı Azərbaycan bəstəkarları və dünya klassiklərinin əsərləri ilə zənginləşmişdir.

Xor kollektivinin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Sonda kollektivə Şəki Şəhər İcra Hakimiyyətinin xatirə hədiyyəsi təqdim olunmuşdur. 

 

 

GÜRCÜSTANIN "ERİSİONİ" MAHNI VƏ RƏQS ANSAMBLI ŞUX VƏ OYNAQ MAHNILARI İLƏ TAMAŞAÇILARI VALEH ETMİŞDİR 

 

Şəkidə keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalı uğurla davam edir.

Festivalın proqramına uyğun olaraq, iyulun 3-də Şəki şəhərindəki yeni bərpa olunmuş XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksində Gürcüstanın məşhur “Erisioni” akademik folklor mahnı və rəqs ansamblının konserti olmuşdur.

Əsası 1885-ci ildə görkəmli gürcü ədibi, maarifçisi və mütəfəkkiri İlya Çavçavadzenin təşəbbüsü ilə qoyulmuş “Erisioni” ansamblını “folklor muzeyi” də adlandırırlar. Ansambl mövcud olduğu müddətdə dünyanın bir çox ölkəsində gürcü folklorunu böyük uğurla nümayiş etdirmişdir.

1999-cu ildə amerikalı prodüsser Cim Lou və fransız Paskal Jordan gürcü ansamblı ilə maraqlanaraq bu musiqi kollektivinin iştirakı ilə nadir şounun yaradılmasına nail olmuşlar. Ansamblın ifasında “Tamara haqqında əfsanə” adlı şou əvvəlcə ABŞ-da, sonra isə “Gürcü əfsanəsi” adı altında Fransada, Belçikada və İsveçrədə nümayiş etdirilmişdir. Bundan əlavə, ansambl Asiyada tamaşaçılara “Tufan haqqında əfsanə”, Moskvada “Günəşli Gürcüstan haqqında nağıl”, Kiyevdə isə “Gürcü xəzinəsi” adlı müxtəlif şoular təqdim etmişdir.

Hazırda ansamblın heyətində müxtəlif nəsillərdən olan yüzə yaxın artist çalışır. Ansamblın bədii rəhbəri Gürcüstan Xalq Artisti, Dövlət və Şota Rustaveli mükafatları laureatı Camal Çkuaşeli, baş xoreoqrafı Xalq Artisti, Dövlət və Ş.Rustaveli mükafatları laureatı Revaz Çoxonelidzedir.

Kollektivin yüksək peşəkarlıqla ifa etdiyi şux və oynaq rəqslər, gürcü xorunun bənzərsiz ifası, balaca nağaraçıların məharəti, teatrlaşdırılmış musiqili kompozisiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Tədbirdə festivala dəvət almış xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 

 

 

ƏBÜLFƏZ QARAYEV: İPƏK YOLU FESTİVALI ŞƏKİ ŞƏHƏR SAKİNLƏRİNİN VƏ XARİCİ QONAQLARIN YADDAŞINDA XOŞ HADİSƏ KİMİ QALACAQDIR 

 

“İpək Yolu” festivalı Şəki şəhər sakinlərinin və xarici qonaqların yaddaşında xoş hadisə kimi qalacaqdır. İnanıram ki, dünyanın bir sıra ölkələrindən Azərbaycana gələn tanınmış musiqiçilər festivaldan xoş təəssüratla ayrılacaqlar.

Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə davam edən “İpək Yolu” III Beynəlxalq musiqi festivalı barədə jurnalistlərə müsahibəsində demişdir.

Nazir bildirmişdir ki, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə irəli sürülən bu ideya artıq üçüncü dəfədir ki, gerçəkləşir. Festival artıq nazirliyin tədbirlər planında da özünəməxsus yer tutmuşdur.

Ə.Qarayev demişdir: “Doğrudan da festival ölkənin mədəni həyatında mühüm hadisəyə çevrilmişdir. Fərəhli haldır ki, festival iştirakçılarının sayı ildən-ilə artır, bu musiqi bayramında təmsil olunan ölkələrin coğrafiyası genişlənir. Ən əsası odur ki, festivala gələn tamaşaçıların marağı da artmaqdadır”.

Nazir demişdir: “Sevindirici haldır ki, iyulun 4-də qeyd olunacaq Şəki xanları sarayının 250 illik yubiley tədbiri festivalın bağlanış gününə təsadüf edir. Festivalın ən maraqlı konsertlərindən biri - Gürcüstanın məşhur “Erisioni” ansamblının konserti Şəkidə yenidən bərpa olunmuş “Aşağı Karvansaray” kompleksində təşkil edilmişdir. Mən 6 il əvvəl burada olanda bu böyük bina qəzalı vəziyyətdə idi. Dövlətimizin başçısı binanın bərpa edilməsi ilə bağlı xüsusi göstəriş vermişdir. Bu abidə bizim milli sərvətimizdir. Abidənin yenidən bərpa olunması həqiqətən də bizi çox sevindirir. Bundan sonra burada mədəni-kütləvi tədbirlərin, konsertlərin keçirilməsi mümkün olacaqdır”.

Nazir karvansarayda aparılan bərpa işlərinin hələ davam edəcəyini, burada müasir hotelin yerləşdirilməsi üçün müvafiq iş aparılacağını diqqətə çatdırmışdır.

 

 

"İPƏK YOLU" III BEYNƏLXALQ MUSİQİ FESTİVALI BAŞA ÇATDI 

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalı başa çatmışdır.

İyulun 4-də “Aşağı Karvansaray” tarixi-memarlıq kompleksində festivalın bağlanış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri geniş konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış etmişdir. Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar İncəsənət Xadimi Azad Əliyev, solistlər Əməkdar Artist Gülnaz İsmayılova, İlahə Əfəndiyeva və Ramil Qasımovdur.

Proqrama Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Fikrət Əmirovun “Azərbaycan elləri”, “Azərbaycan kapriççiosu”, Səid Rüstəmovun “İntizar”, Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Musa Mirzəyevin “Bayram atəşfəşanlığı” və Niyazinin “Qaytağı” əsərləri daxil edilmişdir.

Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək “İpək Yolu” III Beynəlxalq musiqi festivalının Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olduğunu bildirmiş, festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiklərinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Sonda bayram atəşfəşanlığı olmuşdur. 

 

 



Создан 03 авг 2012



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi