Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyunun 18-də Turan qəsəbəsinin sakinləri ilə görüşmüşdür.
Görüş yığıncağında qəsəbə ağsaqqalları, ictimaiyyətin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət idarələrinin, müəssisə və təşkilatların rəhbərləri də iştirak etmişlər.

Qəsəbə icra nümayəndəsi Arif Məmmədəliyevin məlumatı dinlənilmiş, çıxışlar olmuşdur. Sakinlər ilk olaraq icra başçısının qəsəbəyə gəlişini onlara göstərilən diqqət və qayğı kimi müsbət qiymətləndirmişlər. Bununla yanaşı, ərazidə həlli vacib məsələlərə də toxunulmuş, qəsəbənin abadlaşdırılması, oraya təbii qazın verilməsi, içməli su probleminin aradan qaldırılması, uşaq musiqi məktəbinin təmiri, eləcə də ərazidə mövcud olmuş yanğından mühafizə xidmətinin bərpa olunması, idman-sağlamlıq məkəzinin yaradılması, qəsəbəyə məişət tullantıları daşıyan avtomaşının ayrılması, qəza vəziyyətində olan elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür.

Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vurmuş, qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.