Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov iyunun 17-də Çələbixan qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə görüşmüşlər.

Görüş yığıncağında kənd ağsaqqalları, ictimaiyyətin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət idarələrinin, müəssisə və təşkilatların rəhbərləri də iştirak etmişlər.
Qəsəbə icra nümayəndəsinin məlumatı dinlənilmiş, çıxışlar olmuşdur. Sakinlər ilk olaraq rəhbər işçilərin qəsəbəyə gəlişini onlara göstərilən diqqət və qayğı kimi yüksək qiymətləndirmişlər. Bununla yanaşı, ərazidə həlli vacib məsələlərə də toxunulmuş, ünvanlı sosial yardım alınmasına kömək göstərilməsi, köçkünlər üçün nəzərdə tutulan qəsəbənin tikintisinin sürətləndirilməsi, içməli su təminatının yaxşılaşdırılması, bəzi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və sairlə bağlı təkliflər irəli sürülmüşdür.

Görüş yığıncağında qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.
Tədbirdə millət vəkili, Tarix institutunun direktoru, akademik Yaqub Mahmudov iştirak etmişdir.