Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 26-da şəhərin Bağbanlar məhəlləsinin sakinləri ilə səyyar qəbul keçirmişdir.
Görüş yığıncağında məhəllə ağsaqqalları, ictimaiyyətin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı təşkilatların rəhbərləri də iştirak etmişlər.

Əvvəlcə şəhərimizdə, eyni zamanda şəhərin Bağbanlar hissəsində aparılan tikinti-abadlıq, quruculuq, işlərindən danışılmış, sonra məhəllə ərazisində həlli vacib məsələlərə toxunulmuşdur. Görüşdə məhəllə sakinlərindən Bəşarət Abbasov, Vahid Babayev, Mustafa Abdullayev, Zahid İsmayılov, Məcid Səmədov çıxış edərək küçələrə və döngələrə qara örtük döşənməsi, yolların işıqlandırılması, piyada səkilərinin təmir olunması, yaşayışçıların mənzil şəraitinin yaxşılaşdırılması, sağlamlığını itirmiş Qarabağ müharibəsi veteranlarına qayğı göstərilməsi və sairlə bağlı təkliflər irəli sürülmüşdür.

Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq dövlət başçısı İlham Əliyevin regionların sosial – iqtisadi inkişafına dair Dövlət Proqramının hər yerdə olduğu kimi, Şəkidə də uğurla həyata keçiriləcəyini, şəhərdə, eləcə də qəsəbə və kəndlərdə aparılacaq tikinti-abadlıq, quruculuq işlərinin daha da sürətlənəcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir. Natiq onu da qeyd etmişdir ki, şəhərdə, eləcə də qəsəbə və kəndlərdə infrastruktur obyektlərinin yenidən qurulması layihəsi həyata keçiriləcək, ekoloji vəziyyət daha da yaxşılaşacaq, yeni iş yerləri, müəssisələr açılacaq, əhalinin məşğulluq səviyyəsi artacaqdır.