ŞƏKİDƏ AZƏRBAYCANIN ƏN UZUN KÖRPÜSÜ İSTİFAD&#




Dekabrın 8-də Şin çayının Şəkinin İnçə kəndindən keçən hissəsində inşası yenicə başa çatdırılmış Azərbaycanın ən uzun körpüsünün – 1300 metr uzunluğu olan yeni nəqliyyat qovşağının açılış mərasimi olmuşdur.

 

AzərTAc xəbər verir ki, mərasimdə nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov, Milli Məclisin deputatları, şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı dövlətimizin başçısının tapşırığı ilə tikintisinə 2007-ci ildə başlanan bu mürəkkəb yol qovşağının Şəki, eləcə də ətraf rayonlar üçün böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır. O bildirmişdir ki, hələ sovetlər dönəmindən həllini gözləyən bu problem məhz Prezident İlham Əliyevin Şəki əhalisinə göstərdiyi diqqət və qayğı sayəsində aradan qalxmışdır.

İnsanların yaddaşında həmişə güclü sel suları ilə ətraf kəndləri, əkin sahələrini yuyub aparması, ziyankarlığı ilə qalan Şin çayı müasir texnikanın və qurub-yaradan insanların əlləri ilə ram edilmişdir. Bu körpü Şəkinin 21 kəndini əhatə etməklə, ərazidə yaşayan 34 mindən artıq əhaliyə xidmət göstərəcəkdir. İcra hakimiyyətinin başçısı bildirmişdir ki, bu mürəkkəb yol qovşağının istifadəyə verilməsi, şübhəsiz, dünyanın, eləcə də Azərbaycanın mədəniyyət və turizm mərkəzlərindən biri olan Şəki şəhərinin inkişafı üçün yeni imkanlar açacaqdır.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov yeni körpünün istifadəyə verilməsinin nəinki Şəkinin və bu bölgənin, eləcə də ölkəmizin həyatında çox əlamətdar hadisə olduğunu diqqətə çatdırmışdır. Bu hadisənin mahiyyət etibarilə böyük dəyərə malik olduğunu xüsusi vurğulayan alim bildirmişdir ki, hazırda dayandığımız bu yer Azərbaycanı Qara dəniz sahilləri ilə birləşdirən Böyük İpək Yolunun ən mühüm hissəsidir. Bu körpü İpək Yolunun canlandırılması istiqamətində çox mühüm addımdır.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı Əli Məsimli yeni istifadəyə verilən bu körpünün Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində ölkədə həyata keçirilən ən möhtəşəm layihələrdən biri olduğunu diqqətə çatdırmışdır.

Nəqliyyat naziri Ziya Məmmədov şəkililəri əlamətdar hadisə münasibətilə təbrik edərək, onlara Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırmışdır. Nazir bildirmişdir ki, Azərbaycan bu gün çox sürətlə inkişaf edir, ölkə iqtisadiyyatının bütün sahələrində, sosial sferada çox mühüm tədbirlər həyata keçirilir. Şübəsiz ki, bu tədbirlər, dinamik inkişaf, qazanılan uğurlar ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətinin həyata keçirilməsinin nəticəsidir. Çox sevindiricidir ki, ulu öndərin əsasını qoyduğu sosial-iqtisadi inkişaf proqramı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə iqtisadiyyatı dinamik inkişaf edir, Azərbaycanın iqtisadi qüdrəti durmadam artır, beynəlxalq aləmdə nüfuzu yüksəlir.

Dövlətimizin başçısının yol-nəqliyyat kompleksinin inkişafına böyük diqqət və qayğı göstərdiyini xüsusi vurğulayan Ziya Məmmədov son illər Bakı şəhərinin yol infrastrukturunun, eləcə də ölkənin əsas magistral yollarının yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat vermişdir. Bildirmişdir ki, son 3 ildə bu sahəyə həm Azərbaycanın dövlət büdcəsi, həm də beynəlxalq təşkilatların krediti hesabına 3 milyard manatdan artıq vəsait cəlb olunmuşdur. Bunun nəticəsində həm Bakı şəhərində müxtəlif səviyyəli körpülər, yol qovşaqları, tunellər inşa edilmiş, dünya standartlarına uyğun yeni yollar salınmış, həm də rayonların yol-nəqliyyat infrastrukturu xeyli yaxşılaşmışdır.
Çıxışlardan sonra körpünün rəmzi açılışını bildirən lent kəsilmişdir.

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sifarişi ilə “Körpü-Bina-Tikinti” MMC-nin inşa etdiyi körpünün tikintisinə 2007-ci ilin mayında başlanmışdır. İnçə kəndi ərazisində Şin çayı üzərində salınan, Şəki və Qax rayonları arasında olan kəndləri birləşdirən bu körpünün ümumi uzunluğu 1300, eni isə 13 metrdir. Yol qovşağı 6 körpü və 5 suötürücüdən ibarətdir. Körpünün mühafizə qurğularının uzunluğu 1240 metrdir.

Mənbə: www.azertag.gov.az

Facebook



Создан 27 янв 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi